Şahin Diniyevin taleyi erməniyə tapşırıldı
22.10.2009 - 15:03
Şahin Diniyevin taleyi erməniyə tapşırıldı
Azərbaycanlı məşqçinin Rusiya Premyer Liqasında debüt oyununa erməni hakim təyinat alıb. Apasport.az saytının məlumatına görə, cari mövsümün sonunadək “Terek”in baş məşqçisi təyin edilən Şahin Diniyevin çempionatın XXIV turu çərçivəsində oktyabrın 24-də Samarada “Krılya Sovetov”la görüşündə Oleq Xaçaturov idarəçilik edəcək. Milliyətcə erməni olan Xaçaturov Rostov-na-Donu şəhərini təmsil edir və yan xətt hakimidir. O, tambovlu Aleksey Kovalevin başçılıq etdiyi briqadada Lev Antonov (Vladimir) və German Kravçenko (Pskov) birgə yer alacaq. Diniyevin komandasının oyununda hakimlərin işinə ötənlərin məşhur hakimi, moskvalı Valeri Butenko qiymət verəcək.

Qeyd edək ki, 43 yaşlı Diniyev Rusiya Premyer Liqasında məşqçi kimi debüt edən ilk mütəxəssisimiz olacaq. Onun son 10 ayda çalışdırdığı “Terek”in gənclərdən ibarət komandası isə Samarada “Krılya Sovetov”dan olan həmyaşıdları ilə sabah görüşəcək.