7-ci cəhddə siftə!
22.10.2009 - 15:38
7-ci cəhddə siftə!
“Qəbələ” klubu Unibank Premyer Liqasında ilkə imza atıb. Apasport.az saytının hesablamalarına görə, Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda təxirə salınmış III turda “Neftçi”ni tarixində ilk dəfə məğlub etdi – 1:0. Bununla da qələbə topunun müəllifi olan argentinalı hücumçu Kristian Torres tarixə düşdü. Qəbələlilər tilsimi yalnız 7-ci cəhdindən qıra bildilər. Bu, Ramiz Məmmədovun “Qəbələ”nin baş məşqçi postunda çempionatda yubiley – 75-ci oyunu oldu.

“Neftçi” üçün “Qəbələ” ilə ötən mövsümkü oyunlar əcnəbi baş məşqçilərinin gedişi baxımından daha çox yadda qaldı. Belə ki, Qəbələdəki oyundan sonra ukraynalı Anatoli Demyanenko, Bakıdakı görüşdən sonra isə alman Hans-Yurgen Gede yola salındı. “Qəbələ” ilə ilk 5 oyunun hamısında qalib gələn “Neftçi” son iki görüşdə nəinki qələbə üzünə həsrət qalıb, heç qol da vura bilməyib.

Ramiz Məmmədov son oyunlarda futbolçu dövründə rəhbərliyi altında oynamış baş məşqçilərlə görüşüb. 41 yaşlı məşqçi hər üç halda müəllimləri ilə sınaqdan üzüağ çıxıb. Qəbələdə baş tutan görüşlərdə Məmmədov Əsgər Abdullayevlə (“Olimpik-Şüvəlan”, 2:1) Vaqif Sadıqovu (“Neftçi”, 1:0) məğlub edib, Ağasəlim Mircavadovla (“Xəzər-Lənkəran”, 1:1) heç-heçə edib.

Əvəzində onun vaxtilə bir yerdə oynadığı komanda yoldaşları ilə səfər oyunları uğursuz alınıb. Yunis Hüseynovun baş məşqçisi olduğu “Karvan” cari mövsümdə yeganə qələbəsini evdə “Qəbələ” üzərində qazanıb və bu, böyük hesablı olub – 4:1. Yeri gəlmişkən, bu, qəbələlilərin cari mövsümündə ilk məğlubiyyəti idi. Məmmədovun Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ”la Ağdamda keçirilən görüşü isə qolsuz heç-heçə nəticələnib.

Qeyd edək ki, “Qəbələ” güclülər dəstəsində debüt mövsümündə “Gilan” adı altında çıxış edib.

“Qəbələ” və “Neftçi” klubların milli çempionatlarda görüşləri

2006/07 mövsümü

“Gilan” – “Neftçi” – 1:4
“Neftçi” – “Gilan” – 4:1

2007/08 mövsümü
“Qəbələ” – “Neftçi” – 2:3
“Neftçi” – “Qəbələ” – 2:0

2008/09 mövsümü
“Qəbələ” – “Neftçi” – 0:1
“Neftçi” – “Qəbələ” – 0:0
0