“Simurq” milli komandanın futbolçuları ilə yavaş-yavaş ayrılır
23.10.2009 - 10:03
“Simurq” milli komandanın futbolçuları ilə yavaş-yavaş ayrılır
Azərbaycan milli komandasının futbolçusu Daniel Axtyamov yaxın vaxtlarda yenidən klubsuz qala bilər. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçunun şərəfini qoruduğu “Simurq”dan ayrılacağı gözlənilir. Məsələ burasındadır ki, Zaqatala klubunun məşqçi korpusu Axtyamovun fiziki formasından və göstərdiyi oyundan narazıdır.

Unibank Premyer Liqasının axırıncı turunda “Standard”la matçın yalnız 89-cu dəqiqəsində forma geyinmək şansı qazanan Daniel görüşdən sonra tənqidlərə tuş gəlib. Baş məşqçi Roman Pokora ondan narazılığını açıq şəkildə bildirib. Bu ilin yayında “Simurq”a transfer olunmuş hücumçu arxada qalan 7 turda cəmi 76 dəqiqə oynayıb. Tezliklə klub rəhbərliyinin onunla yollarını ayıracağı inandırıcı görünür. Ən yaxşı halda isə Axtyamov əvəzedici heyətə göndəriləcək.

Xatırladaq ki, “Simurq” rəsmiləri yayda heyətə cəlb edilən digər futbolçu Rauf Mehdiyevi bir neçə gün öncə komandadan uzaqlaşdırıblar.

Mənbə: extratime.az