“Kim deyir ki, mən “Standard”ın baş məşqçisi təyin edilmişəm?”
23.10.2009 - 10:34
“Kim deyir ki, mən “Standard”ın baş məşqçisi təyin edilmişəm?”
“Kim deyir ki, mən “Standard”ın yeni baş məşqçisi təyin edilmişəm? Yalan söhbətdir. Çünki bu komandanın litvalı çalışdırıcısı Valdas İvanauskas rəsmən istefaya göndərilməyib. Bildiyimə görə, məsələyə bu gün tam aydınlıq gələcək. Hətta klub bununla bağlı mətbuat konfransı keçirməyi planlaşdırır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

Xeyli müddətdir işsiz qalan 51 yaşlı mütəxəssis cari mövsümdə uğursuz çıxış edən Sumqayıtın “Standard” klubunun maraq dairəsindədir. Autsayder bu yay baş məşqçi postuna gətirdiyi litvalı baş məşqçi Valdas İvanauskası Hacıyevlə əvəzləmək fikrindədir: “Düzdür, “Standard” rəhbərliyi ilə görüşmüşəm. Bunu gizlətmirəm. Ancaq səmimi deyirəm ki, təyinatım hələ reallaşmayıb və heç bir müqaviləyə qol çəkməmişəm. Ancaq rəhbərlik məni öz komandasında görmək istəyir. Biz bir-birimizə öz sözümüzü demişik. Onlar mənim futbol fəlsəfəmlə tanış olub. Mən də onların fikirləri ilə tanış olmuşam. Bu gün rəhbərliklə yenidən görüşüm nəzərdə tutulub. Əgər ortaq məxrəcə gəlsək, bu təklifi dəyərləndirəcəyəm. Buna qədər isə ilk növbədə İvanauskas postundan göndərilməlidir. Bəlkə o, postuna qaldı? Bu məsələlərə bu gün-sabah aydınlıq gələcək”.

2005/06 mövsümün sonuna 8 tur qalmış “Bakı”nın baş məşqçi postunda Əsgər Abdullayevi əvəzləyən Hacıyev yüz faizli nəticə göstərməklə, komandanı gözlənilməz çempionluğa daşıdı. İndi isə ona maraq göstərən digər paytaxt təmsilçisi turnir cədvəlinin sonunda qərarlaşıb: “Bilirsiniz, heç vaxt tanışlıqla iş tapmaq fikrində olmamışam. Əksinə, gördüyüm işimlə özümü göstərmək, tanınmaq istəmişəm. “Standard”ın cari mövsümdə çıxışı xoşagələn deyil. Komanda turnir cədvəlinin zirzəmisindədir. Ancaq bu, məni qorxutmur. Çünki bu ağır yükün altına girmək cəsarətim var. Mən özümdə bunu hiss edirəm”.

Qeyd edək ki, hesabında cəmi 2 xal olan “Standard” cari mövsümdə qələbə üzünə həsrət qalan yeganə komandadır.