“Standard”da daha iki istefa
26.10.2009 - 18:36
“Standard”da daha iki istefa
Bakının “Standard” klubunda yeni baş məşqçi Böyükağa Hacıyevin köməkçiləri müəyyənləşib. Hacıyev apasport.az saytına açıqlamasında özünə 4 köməkçi götürdüyünü bildirib. Bu isə o deməkdir ki, “Standard”ın əvvəlki məşqçilərinin hamısı istefaya göndərilib.

Komandanın litvalı sabiq çalışdırıcısı Valdas İvanauskasın özü ilə birgə ölkəmizə gətirdiyi həmyerlisi Oleq Pankratyev və gürcü Vaxtanq Temizaşvili yola salındıqdan sonra iki məşqçi - Elbrus Məmmədovla qapıçılarla işləyən Faiq Əzizov qalmışdı. “Standard”ı Unibank Premyer Liqasının son turunda “İnter”lə səfər oyununa (2:4) məhz Məmmədov çıxarmışdı.

Böyükağa Hacıyev isə “Standard”a yeni korpusla gəlməyi məqsədəuyğun sayıb: “Belə məsləhət oldu ki, əvvəlki məşqçilərin heç biri qalmasın. Mənim 4 köməkçim olacaq. Bunlar Babək Alxasov, Bəhram Şahquliyev, Zeynalabdin İbrahimov və qapıçılarla işləyən Cəlal Məmmədovdur. Bu dəfə köməkçilərimlə bağlı yanılmamağa çalışmışam. Hər halda, köməkçi götürdüyüm məşqçilərə özümə inandığım qədər inanıram. Sabah yeni komandamı ilk məşqə çıxaracağam. Artıq “Standard”la münasibətlərimizi rəsmiləşdirmişəm. Bu gün 8 aylıq müqavilə imzaladım. Əsas məqsədimiz komandanı bu vəziyyətdən çıxarmaq və ölkə kubokunda imkan daxilində çox irəliləmək, uğurlu çıxış etmək olacaq”.

Qeyd edək ki, Hacıyevin köməkçilərindən Şahquliyevlə İbrahimov Naxçıvanın “Araz” klubunda onun rəhbərliyi altında oynayıb. Bir vaxtlar Qusarın “Şahdağ” klubunun baş məşqçisi olmuş Şahquliyev İranın “Traktorsazi” klubunda da Hacıyevin futbolçusu olub. Alxasov “MKT-Araz” klubunda, aşağı yaş qruplarından ibarət yığmalarımızda köməkçi məşqçi işləyib. Həmin 3 məşqçidən fərqli, yalnız Cəlal Məmmədov “Standard”da buna qədər çalışırdı. Belə ki, o, “Standard”ın əvəzedici komandasında qapıçılarla işləyən məşqçi olub.