“Xəzər-Lənkəran”ın 189 günü
27.10.2009 - 00:00
“Xəzər-Lənkəran”ın 189 günü
“Xəzər-Lənkəran” klubu növbəti böyük hesablı qələbəsini qazanması üçün 189 gün gözləməli olub. Apasport.az saytının məlumatına görə, Unubank Premyer Liqasının VIII turunda “Simurq”a 3:0 hesabı ilə qalib gələn Lənkəran təmsilçisi sonuncu dəfə də evdə belə nəticəyə nail olmuşdu. Bu, ötən mövsümün ikinci dövrəsində “Bakı” ilə öz meydanında keçirilən çempionat oyununda türkiyəli Əhməd Dursunun dublu və braziliyalı Mario Souzanın vurduğu qol sayəsində reallaşmışdı.

“Simurq”la matçda qeydə alınan nəticə “Xəzər-Lənkəran”ın milli çempionatlarımız tarixində 26-cı böyük hesablı qələbəsi olub. Belə ki, lənkəranlılar 2004/05 mövsümündə 8, 2005/06 mövsümündə 1, 2006/07 mövsümündə 6, 2007/08 və 2008/09 mövsümlərinin hərəsində 5 dəfə analoji uğura imza atıblar.

Qeyd edək ki, “Xəzər-Lənkəran” çempionatımızda böyük hesabla uduzmaması ilə öyünə bilər. Komanda 5 illik tarixində iki dəfə belə uğursuzluq yaşayıb. Bu, 2005/06 mövsümündə ölkə kubokunun cavab yarımfinal görüşündə Yevlaxda “Karvan”a (0:3) və ötən ilin avqustun 1-də UEFA kubokunun ilkin təsnifat mərhələsi çərçivəsində Polşada yerli “Lex”lə (1:4) qarşılaşmalara təsadüf edib.