Erməni futbolçular rüsvay oldular: 0:19, 0:21...
27.10.2009 - 09:40
Erməni futbolçular rüsvay oldular: 0:19, 0:21...
17 yaşadək qızlardan ibarət futbol üzrə milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilkin seçmə mərhələnin X qrupunun matçlarına təyinat alan azərbaycanlı hakimlər daha bir qarşılaşmanı idarə ediblər. Serbiyada təşkil olunan turnirdə Venera Muradova-Kahriç və Maya Nəbiyeva yenə Ermənistan yığmasının oyununda hakimlik bacarıqlarını göstəriblər.

Ötən tur Rusiya futbolçularının erməniləri 19:0 məğlub etməsini qeydə alan FİFA referisi Kahriç bu dəfə bədnam qonşularımızın ispanlarla görüşündə baş hakim olub. Pireney təmsilçiləri ermənilərə rəhm etməyərək, 21:0 hesabı ilə qalib gəliblər. Kahriç ilk 40 dəqiqədə 10, fasilədən sonra 11 qol görüb. Bununla da hakimimiz ermənilərin iki matçın 160 dəqiqəsi ərzində 40 qol buraxmasına şahid olub.

İlk oyunla müqayisədə, Muradova bu dəfə vərəqə də göstərməyə vaxt tapıb. 57-ci dəqiqəyədək 6 qol vurmaqla referini “bezdirən” Paloma Lazaroya xəbərdarlıq edən həmyerlimiz 9 dəqiqə sonra erməni Sofik Torosyana da sarı vərəqə göstərib.

Lakin 2 qarşılaşmada da darmadağın olan Ermənistan yığması cari qitə birinciliyinin antirekorduna imza ata bilməyib. Belə ki, Cənubi Qafqazın digər təmsilçisi Gürcüstan İsveçrəyə 0:23, İtaliyaya isə 0:27 uduzmaqla, ən böyük hesablı məğlubiyyətlərin sahibi olub.

Muradova və Nəbiyeva ermənilərin son matçına da təyinat alıblar. Hakimlərimiz Serbiya - Ermənistan görüşündə də iştirak edəcək. Yenə laysman olacaq Nəbiyevadan fərqli, FİFA referisi Muradova ehtiyat hakim funksiyasını yerinə yetirəcək.