“Muğan” bosniyalı hücumçusunu qovdu
27.10.2009 - 13:53
“Muğan” bosniyalı hücumçusunu qovdu
Salyanın “Muğan” klubu bosniyalı hücumçusu Adis Çulovla yollarını ayırmağa qərar verib. “Muğan”ın bosniyalı baş məşqçisi Kemal Alispahiç apasport.az saytına açıqlamasında həmyerlisindən imtina etdiyini bildirib.

Alispahiç məşqlərə buraxmadığı Çulovun nizam-intizamından narazı qalıb: “Mənim üçün əsas nizam-intizamdır. Buna əməl etməyən futbolçu mənə lazım deyil. Fərqi yoxdur, bu, kimdir, həmyerlimdir, Azərbaycan, Gürcüstan, yaxud başqa ölkədəndir. Mənim üçün futbolçunun adı yox, nizam-intizamı önəm kəsb edir. İntizamsızlıq edibsə, onu bağışlamaram”.

“Muğan”ın əcnəbi çalışdırıcısı 22 yaşlı yetirməsinin günahı, etdiyi hərəkət haqda danışmağı lazım bilmədi: “Buna şərh vermək istəməzdim, aramızda olan məsələdir. Çulov nizam-intizamı pozduğu üçün məni daha maraqlandırmır. O, komandamda yer almayacaq. Bu məsələni rəhbərlik qarşısında qaldırmışam, Adisin nizam-intizamı pozması haqda onları məlumatlandırmışam. Mənim üçün əsas peşəkarlıq, özümə doğma saydığım “Muğan”ın uğurudur. Hansı futbolçu peşəkar olmayacaqsa, intizamsızlıq edəcəksə, Çulovun aqibəti ilə üzləşəcək”.

Qeyd edək ki, Alispahiçin “Muğan”a gətirdiyi Çulov cari mövsümdə 8 oyun keçirib. O, 639 dəqiqə meydanda olduğu vaxtda 2 qol vurub, 2 sarı vərəqə alıb. Adis ardıcıl iki görüşdə – “Neftçi” ilə səfər (2:0), “Karvan”la ev (1:0) oyununda rəqib qapısına yol tapıb.