Bülənt Korkmaz: Uzun müddətdir ev axtarırdım, nəhayət tapmışam - MÜSAHİBƏ
28.10.2009 - 12:24
Bülənt Korkmaz: Uzun müddətdir ev axtarırdım, nəhayət tapmışam - MÜSAHİBƏ
Türkiyənin “Axşam” qəzetinin əməkdaşları “Bakı”nın baş məşqçisi Bülənt Korkmaza aid xüsusi reportaj hazırlamaq üçün paytaxtımıza təşrif buyurublar. Apasport.az saytının məlumatına görə, onlar oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda “zolaqlılar”ın “Neftçi” ilə görüşünü (0:2) izləyiblər. Matçdan sonra Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq kapitanı Bülənt Korkmaz “Axşam” qəzetinə müsahibə verib. Bu müsahibədə 41 yaşlı mütəxəssis bir sıra maraqlı məqamlara toxunub.

- “Bakı” rəhbərliyinin təklifinə “hə” demək çətin oldu?
- Ötən il Bakıda keçirilən bir konfransa dəvət olunmuşdum. O zaman klub rəsmiləri çempionatı Türkiyə səviyyəsinə gətirmək istədiklərini, avrokuboklarda uğur qazanmaq istədiklərini bildirmişdilər. Dana sonra onlardan təklif alanda, anlaşdıq. Bu məsələdə vitse-prezident Tunc Avşarın türk olması da böyük rol oynadı. Rəhbərliyə dedim ki, birinci ildə məndən çox böyük şeylər gözləmək lazım deyil.

- Deyəsən, komandamız gəncdir?
- Əslində, Azərbaycanda ən yüksək orta yaş həddi “Bakı”dadır. Bu komandada əcnəbi futbolçular çoxdur. Düşünürəm ki, heyətdə azərbaycanlı futbolçular çox, legionerlər isə az olmalıdır. Yerli oyunçuların səviyyələri artmalıdır. Klubda türk futbolçu yoxdur.

- Sizə “başmeşçi” deyirlər, eləmi?
- Bəli. Hərdən də Bülənt deyirlər.

- Bakıda özünüzü necə hiss edirsiniz?
- Hər şeydən əvvəl burada öz dilimizdə danışırıq, çətinlik çəkmirəm. Futbol sahəsində peşəkarlıq tam deyil və bunu bütövlükdə tətbiq etmək istəyirik. Oyun quruluşları fərqlidir. Azərbaycan milli komandası xeyli inkişaf edib, ancaq təkcə yığmanın irəliləməsi ilə iş bitmir.

- Azəri ləhcəsini götürmüsünüz?
- Məsələn, “kendi” sözünə burada “öz” deyirik. Məncə, Türkiyədə də bu cür olmalıdır. Belə ifadə tərzi mənə çox doğru gəlir.

- Özünüzü evinizdəki kimi hiss etdiyiniz vaxtlar olurmu?
- Əlbəttə, özümü evdəki kimi hiss edirəm. Bütün Azərbaycan xalqı Türkiyədəki sənətçiləri, futbolçuları tanıyırlar. Hər evdə türk kanallarına baxırlar. Xüsusilə, bu məsələyə gənc nəsil daha fəal və ağılla yanaşır.

- Bursada keçirilmiş Türkiyə - Ermənistan matçında yaşanan “bayraq böhranı”nı necə dəyərləndirirsiniz?
- Düzü, Azərbaycan bayrağını stadiona keçirməyə kimin qadağa qoyduğunu bilmirəm. Əgər FİFA və ya UEFA belə qərar veribsə, bu doğru deyil. Azərbaycan - Rusiya oyununda insanların əllərində türk bayraqları var idi. Artıq “bayraq böhranı”na görə lazımi tədbirlər görülüb, günahkarlar vəzifələrindən uzaqlaşdırılıblar.

- Bununla bağlı sizə mənfi reaksiya göstərən oldumu?
- Yox. Amma onların üzüntülərini hiss etmək mümkün idi. Burada insanlar Türkiyəni çox sevirlər.

- Oteldə yaşayırsınız?
- Bəli. Uzun müddətdir ev axtarırdım, nəhayət tapmışam. Tezliklə həmin evə köçəcəyəm.

- Bakıda çox qalacaqsınız?
- Mən mövsümün axırınadək “Bakı”da qalmağı fikirləşirəm. Əgər gözlədiklərim olarsa, uzun müddət çalışmaq istəyirəm.

- Küçədə gəzərkən, sizi tanıyırlarmı?
- Şəkil çəkdirənlər, bizimlə görüşənlər olur. Etiraf edim ki, burada sayılıb-sevilmək çox gözəldir.