Sadıqov: Futbolçuların əsgərliyə getməməsi düzgün deyil
28.10.2009 - 13:10
Sadıqov: Futbolçuların əsgərliyə getməməsi düzgün deyil
“Futbolçuların hərbi xidmətə yollanması, onların oyun praktikası sarıdan korluq çəkməsi problemi yaradacaq. Hesab edirəm ki, bu, ümumi işə ziyandır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

Az öncə milli komandanın 2 futbolçusu – Cavid Hüseynovla Elmar Baxşıyev həqiqi hərbi xidmətə yollandı. Cavid Salyanda, Elmar isə Mingəçevirdəki N saylı hərbi hissədə əsgərlik çəkir. Baxşıyevin “Neftçi”nin futbolçusu olduğunu nəzərə alsaq, bu, tək yığmaya yox, elə klubun da planlarına təsir edir. Son 5 ayda yığmamızın məşqçisi işləmiş 50 yaşlı Sadıqov onların hazırkı durumuna görə narahatdır: “Dövlətin qanunu var və bu səbəbdən də hamı əsgərliyə getməlidirlər. Ancaq futbolçular, idmançılarla bağlı məsələdə ortaq məxrəcə gəlmək lazımdır. Onlar beynəlxalq miqyasda Azərbaycan bayrağını yüksəldirlər. Ancaq bu, o demək deyil ki, futbolçular ümumiyyətlə, əsgərliyə getməməlidirlər. Bu da düzgün deyil. Hər halda, bu məsələdə nəsə bir variant, bir model tapmaq lazımdır. Klubun rəhbərliyi problemin həlli ilə məşğul olur. Fikrimcə, elə AFFA da bunu həyata keçirir”.

Qeyd edək ki, “Neftçi”yə bir ay öncə baş məşqçi təyin edilən Sadıqov artıq milli komandamızda fəaliyyətini dayandırıb.