Naci Şensoy klub rəhbərliyinə paxlava payladı, sonra istefa verdi
29.10.2009 - 12:06
Naci Şensoy klub rəhbərliyinə paxlava payladı, sonra istefa verdi
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy yenə işsiz qalıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün sonlarında Bolqarıstanın “Pirin” komandasına baş məşqçi təyin olunan türk mütəxəssis artıq Blaqoevqrad təmsilçisi ilə yollarını ayırıb.

Az öncə rəhbərliyi ciddi tənqid edən Şensoy “Pirin”də çalışmağının mümkünsüzlüyünü dilə gətirmişdi. Mütəxəssis klub rəsmilərinin düşünülməmiş addımlar atdığını, bu səbəbdən də köməkçisi Dobre Mitov, icraçı direktor Malin Xalaçev və idman direktoru Rosen Katsievskinin ardından istefa verəcəyini açıqlamışdı. Bir az istirahət etdikdən sonra özünə yeni klub axtaracağını bildirən Şensoy futbolçulara təşəkkür edərək, rəhbərliklə qarşılıqlı razılıqla ayrılıb. Maraqlıdır ki, türk məşqçi rəhbərliklə son görüşə gedərkən, özü ilə paxlava da aparıb.

Cari mövsüm Bolqarıstan çempionatının 10 turundan sonra blaqoevqradlılar 16 komanda arasında X pillədə qərarlaşıb. Şensoyun rəhbərliyi altında “Pirin” 3 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə uduzub.