Subaşiçin komandası federasiyanı pis vəziyyətdə qoydu
29.10.2009 - 14:41
Subaşiçin komandası federasiyanı pis vəziyyətdə qoydu
Çin Futbol Federasiyası çıxılmaz vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç də federasiyaya baş ağrısı verən problemin səbəbkarlarından biridir.

Belə ki, 27 yaşlı hücumçunun şərəfini qoruduğu “Çanqçun Yatay” klubu ölkə çempionatının son turu ərəfəsində qızıl medalları qazanmaq şansını qoruyur. Liderlər “Pekin Quoan” və “Henan Sivu”dan cəmi 1 xal geri qalan “Çanqçun Yatay” həmin 2 komanda ilə yanaşı, çempionluğu bayram edə bilər. Elə bu bayram da federasiya üçün böyük problem yaradıb.

Ənənəvi olaraq, ölkə çempionunu son turun matçı bitən kimi Qızıl kubokla mükafatlandıran qurum rəhbərliyi bu dəfə nə etməli olduğunu bilmir. Onlar kubokun hansı şəhərə aparılmasına qərar verməkdə çətinlik çəkir. Şənbə günü – oktyabrın 31-də Subaşiçin komandası “Şonqhinq Lifan”, “Pekin Quoan” “Hançjou”nu qəbul edəcək. “Henan Sivu” isə “Şenjen” klubunun qonağı olacaq. Paytaxt Pekinlə digər həlledici matçların keçirildiyi bölgələr arasında məsafə federasiyanı yenilik etməyə qərar verib.

Kubokun bir stadiona aparılıb lazım gələcəyi halda digərinə çatdırılmasına xüsusi təyyarə, böyük xərclər və s. lazımdır ki, bu da qurumu çıxılmaz vəziyyətə salıb. Sonda qərara alınıb ki, bu tur kubok təqdim olunmasın. Qalib komanda elə arenada kiçik şənlik keçirməklə kifayətlənsin. Kubok isə sonradan təşkil olunacaq təntənəli mərasimdə verilsin. Buna baxmayaraq, federasiya rəhbərliyi 3 hissəyə bölünüb və hər qrup 1 matça üz tutacaq ki, orada çempionları təbrik edən olsun.