Ağasəlim Mircavadov və Qurban Qurbanov: köhnə yoldaşlar, təzə rəqiblər
29.10.2009 - 16:13
Ağasəlim Mircavadov və Qurban Qurbanov: köhnə yoldaşlar, təzə rəqiblər
Azərbaycan Unibank Premyer Liqasının IX turunun açılış oyununda görüşəcək baş məşqçilər Qurban Qurbanovla (“Qarabağ”) Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”) bir-birlərinə yaxış tanışdır. Apasport.az saytının məlumatına görə, 37 yaşlı Qurbanov sonuncu çempionluğunu məhz Mircavadovun rəhbərliyi altında qazanıb. 2005-ci ilə təsadüf edən bu uğur zamanı tarix Mircavadov “Neftçi”nin baş məşqçisi, Qurbanov isə komandanın hücumçusu idi. Özü də Qurbanov Gəncədə “Xəzər-Lənkəran”a qarşı keçirilən “qızıl oyun”da (2:1) flaqmanın kapitanı olub. Bu dəfə o, məşqçi kimi “Xəzər-Lənkəran”a rəqib olduğu halda, Mircavadov cənubluların çalışdırıcısıdır.

62 yaşlı Mircavadov milli komandamızın rəsmi oyunlarda ilk baş məşqçisi kimi tarixə düşsə də, Qurbanov yığmada onun rəhbərliyi altında forma geyinməyib. Veteran hücumçunun yığmaya qayıdışı təcrübəli mütəxəssisin Kazbek Tuayevlə əvəzlənməsindən sonra reallaşdı. Bundan 10 il sonra isə Tuayev artıq baş məşqçi postunu Mircavadova verdi. Ancaq fərq ondadır ki, budəfəki əvəzləmə milli komandamızda yox, “Neftçi”də gerçəkləşdi. Uzun müddət çalışdığı Tuayevlə elə flaqmanda “qızıl dubl” edən Qurbanov futbolçu karyerasını digər paytaxt təmsilçisində başa vurmalı oldu. Belə ki, 2005-ci ilin yayında Mircavadovun komandasından gedən kapitan “İnter”ə keçdi və az sonra butslarını mıxdan asdı. Buna səbəb onurğa sütununda yaranan ciddi problem idi ki, bu, Qurbanovu cəmi 33 yaşında yaşıl meydançalarla vidalaşmağa məcbur etdi.

Qurbanov məşqçiliyə başladıqdan sonra Mircavadovla artıq həmkar kimi görüşməyə başladı. Maraqlıdır ki, o, “Neftçi”yə bir ildən sonra qayıdanda baş məşqçi postunda məhz təcrübəli həmkarını əvəzləyir. Mircavadov “Xəzər-Lənkəran”ın sükanı arxasında debütünü 10 avqust 2006-cı ildə məhz Qurbanovun komandasına qarşı etdi - 2:1.

Qurbanov Mircavadovla ikinci görüşündə bu məğlubiyyətin əvəzini çıxa bildi. Özü də 2007-ci il fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş də tarixə düşdü. Oyunu izləmək üçün stadiona 25 min nəfərin gəlməsi milli çempionatlarımızda azarkeşlərin sayı ilə bağlı rekordun təkrarı idi. İlk rekord əvvəl adını çəkdiyimiz “Neftçi” ilə “Xəzər-Lənkəran” arasında “qızıl oyun”da olmuşdu. Göründüyü kimi, 25 min azarkeşin stadiona toplaşdığı görüşlərdə Qurbanovla Mircavadov iştirak edir. Qurbanova təcrübəli həmkarından əvəz çıxmaqda moldovalı Vadim Borets kömək etdi. Məhz moldovalı yarımmüdafiəçinin görüşün 86-cı dəqiqəsində vurduğu yeganə qol “Neftçi”yə vacib qələbə qazandırdı - 1:0. Bununla qələbə seriyasının təməlini qoyan Qurbanovun komandası rəqiblərini ard-arda sıradan çıxarmaqla liderliyi “Xəzər-Lənkəran”ın əlindən aldı. Ancaq sona bir tur qalmış, daha dəqiq desək, mayın 17-də “Şəfa” stadionunda “Olimpik”ə 1:2 hesablı məğlubiyyət “Neftçi”yə çempionluq bahasına başa gəldi. Nəticədə liderliyi qaytaran Mircavadovun komandası mayın 23-də keçirilən son turda səfərdə “Qəbələ”ni böyük hesabla məğlub etməklə (3:0), qızıl medala qovuşdu. Bu, “Xəzər-Lənkəran”ın tarixində ilk çempionluq oldu və həmin mövsüm ölkə kuboku da qazanıldığından klub “qızıl dubla” imza etdi. Qurbanov isə baş məşqçi kimi debüt etdiyi mövsümdə gümüş medalla kifayətləndi.

Qeyd edək ki, Qurbanov 2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi təyin olunanda Mircavadov “Xəzər-Lənkəran”la yollarını ayıraraq işsiz qaldı. Buna görə də ötən mövsüm onların “duel”i baş tutmayıb.