Azarkeşlərə “Fənərbaxça” – “Styaua” matçına getməyə qadağa qoyuldu!
29.10.2009 - 16:52
Azarkeşlərə “Fənərbaxça” – “Styaua” matçına getməyə qadağa qoyuldu!
Rumıniyanın “Styaua” klubunun rəhbərliyi azarkeşlərlə bağlı qeyri-adi addım atıb. Apasport.az saytının məlumatına görə, Buxarest təmsilçisi növbəti həftənin cümə günü Avroliqanın növbəti turu çərçivəsində “Fənərbaxça” ilə İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçirəcəyi oyunda azarkeşlərini görmək istəmir.

Rəhbərlik bununla bağlı “Fənər”in ofisinə göndərdiyi rəsmi məktubda rumıniyalı fanatlar üçün saxlanılan 2000 biletdən imtina edib. Bu azmış kimi, “Styaua” rəhbərliyi türkiyəli həmkarlarına rumın azarkeşlərə bilet satmamağı tövsiyə edib. Onlar bunu həmin tərəfdarlarının qayda-qanunu pozması, aranı qarışdırması ilə əsaslandırıblar. Bununla da “Styaua”nın nümayəndələri mümkün insidentlərlə bağlı bütün məsuliyyəti Türkiyə tərəfinin üzərinə atır.

“Styaua”nın sahibi Cici Bekali ilə fanatlar arasında çoxdandır ciddi münaqişə var. Bekali bu səbəbdən 3000 azarkeşinə çempionatda son ev oyununa gəlməyə qadağa qoyub. O, həmçinin Avroliqada digər rəqiblərinə - “Tvente”, “Şerif”ə də “Styaua”nın tərəfdarlarına bilet satmamağı xahiş edib: “Nə İstanbulda, nə Tiraspolda, nə də heç bir yerdə fanatlarımız üçün biletlər götürəcəyik. Əgər onlar qalmaqal yaratmaq istəyirlərsə, indi oturub oyunları televiziya ilə üzləsinlər”.