Ramin Musayevin şübhələndiyi oyun və ya PFL nə vaxt yaranıb?
29.10.2009 - 17:44
Ramin Musayevin şübhələndiyi oyun və ya PFL nə vaxt yaranıb?
“İndiyədək Azərbaycan çempionatında şübhələndiyimiz oyunlar olub”. Apasport.az-ın xəbərinə görə, bunu lent.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. O bildirib ki, həmin oyunlarla bağlı dərhal gizli araşdırma aparılıb: “Lakin heç bir halda araşdırmaların nəticəsi şübhələri təsdiqləməyib”.

PFL prezidenti oktyabrın 31-də “Simurq” və “İnter” arasında keçiriləcək Unibank Premyer Liqasının X tur matçını izləmək üçün Zaqatala şəhər stadionuna ekspertlərin göndərilib-göndərilməyəcəyi haqda sualı konkret cavablandırmaqdan yayınıb. Onun sözlərinə görə, lazım gələndə, oyunlar izlənilir. Lakin bu haqda ictimaiyyətə öncədən məlumat verilmir.

Şənbə günü saat 18:00-da başlanacaq “Simurq” – “İnter” matçı televiziya ilə yayımlanmayacaq. Maliyyə dayaqları baxımından bir-birinə yaxın olan bu komandalar arasında indiyədək keçirilmiş qarşılaşmaların hamısında “İnter” qalib gəlib. 8 turdan sonra “İnter” 19 xalla turnir cədvəlində 1-ci, “Simurq” isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

Yeri gəlmişkən, Musayev bu gün futbolpress.az saytına verdiyi açıqlamada bildirib ki, 4 ildir PFL-in prezidenti postunda çalışır. Görəsən, doğurdanmı Ramin bəy PFL adlı qurumun 4 il yox, cəmi 15 ay əvvəl yarandığını bilmir?