Şahin Diniyev getdi, 0:2-lər davam edir
29.10.2009 - 18:05
Şahin Diniyev getdi, 0:2-lər davam edir
Rusiyanın “Terek” klubunun gənclərdən ibarət komandası Şahin Diniyevin baş məşqçi postundan gedişinin acısını çəkir. Apasport.az saytının məlumatına görə, əvəzedicilərin çempionatının növbəti turu çərçivəsində bu gün Moskvada MOİK-in qonağı olan Qroznı təmsilçisi 0:2 hesabı ilə uduzub.

Gənclər ötən tur “Krılya Sovetov”la səfər oyununda da eyni hesabla yenilmişdi. Diniyevin “Terek”in əsas komandasına baş məşqçi təyinatından sonra əvəzediciləri “Neftçi”nin sabiq futbolçusu Anzor İsmayılovla məşqçimiz Nazim Əliyev çalışdırır. Əliyev yarım il öncə Diniyevin dəvəti ilə “Terek”ə gəlib və həmin vaxtdan köməkçi məşqçi funksiyasını yerinə yetirir. Şahin Diniyevin 16 yaşlı oğlu Kərim hazırda Bakıda Avropa çempionatının seçmə mərhələsində çıxış edən 17 yaşlılardan ibarət yığma komandamızın düşərgəsində olduğu üçün atası kimi əvəzedicilərdən ayrı düşüb.

Qeyd edək ki, “Terek”in əsas komandası Diniyevin rəhbərliyi altında sabah Bakı vaxtı ilə saat 19:00-da MOİK-lə görüşə çıxacaq.