Ermənilərə vurdular, bizimkilər saydılar
30.10.2009 - 09:57
Ermənilərə vurdular, bizimkilər saydılar
17 yaşadək qız futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının I seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iştirak etmədiyi yarışlarda ölkəmizi iki hakim təmsil edib. FİFA hakimi Venera Muradova-Kahriç və laysman Maya Nəbiyeva Serbiyada təşkil olunan X seçmə qrupda ədalət prinsiplərini qoruyublar.

İlk iki turda Ermənistan yığmasının matçlarına təyinat alan həmyerlilərimiz bu dəfə də bədnam qonşularımızın darmadağınına şahid olublar. Ermənilər serblərlə qarşılaşmada qapılarında 12 qol görüblər. Bu görüşdə Nəbiyeva yan xətt hakimi, Kahriç isə ehtiyat hakim olub.

Xatırladaq ki, ermənilərin Rusiya (0:19) və İspaniya ilə (0:21) oyunlarında da laysmanlıq edən Nəbiyevadan fərqli, Muradova həmin matçlarda baş hakim olmuşdu. Ermənilərin üst-üstə 3 matçında iştirak etmiş həmyerlilərimiz onların ümumilikdə 52 qol buraxmasına şahid olub. Avropa çempionatının seçmə mərhələsində yalnız Gürcüstan komandasının qapısı daha çox (57 qol) “bombardman” edilib.