Müslüm Maqomayev “Neftçi”nin oyununda kimdən inciyib?
30.10.2009 - 10:40
Müslüm Maqomayev “Neftçi”nin oyununda kimdən inciyib?
“Bir gün Müslüm Maqomayev futbol oynamaq istədi. Buna görə də sarayda xüsusi olaraq tribunaların bir hissəsini yığışdırdılar. Bizim “Elektron” kvartet onların “Qaya” ansamblına qarşı oynadı. Qalib gəldik və Maqomayev düz 5 gün mənimlə danışmadı. O, ümumiyyətlə, uduzmağı xoşlamırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri rusiyalı caz musiqiçi Vladimir Morozov deyib.

İosif Kobzon, Andrey Mironov kimi tanınmış sənətkarla çalışmış Morozova Müslüm Maqomayevlə də işləmək nəsib olub. Həmyerlimizi musiqiçi kimi dahi adlandıran, ifasına valeh olan rusiyalı cazmen onunla bağlı xatirələrini bölüşüb. Məlum olur ki, Morozov məşhur həmyerlimizi “Neftçi” ilə oyunda küsdürüb: “Minskdə qadınlar arasında voleybol üzrə SSRİ çempionatının oyunları gedirdi. “Dinamo” “Neftçi”yə qarşı oynayırdı. “Neftçi”nin heyətində dahi İnna Rıskal çıxış edirdi. Müslüm dəstəsi ilə bakılılara azarkeşlik edirdi, biz isə “Dinamo”ya. Mən barabanı da gətirdim və bütün zalı gurultu götürmüşdü. Həmin vaxt Maqomayev bərk incidi”.

Qeyd edək ki, əslən Bakıdan olan Rıskal olimpiya çempionu olub.