Əsgər Abdullayevin qənimi qayıtdı
30.10.2009 - 12:37
Əsgər Abdullayevin qənimi qayıtdı
Azərbaycan Unibank Premyer Liqasının cari mövsümündə növbəti baş məşqçi debütü qarşıdakı IX turda gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, bir həftə öncə Sumqayıtın “Standard” klubunun baş məşqçisi təyin edilən Böyükağa Hacıyev 792 gündən sonra milli çempionatımıza qayıdacaq. İstefaya göndərilən Valdas İvanauskası əvəzləyən 51 yaşlı Hacıyev 2007/08 mövsümünün əvvəlində “Bakı” ilə yollarını ayırmışdı.

2007-ci ilin sentyabrın 1-də məhz “Standard”la 1:1 hesabı ilə nəticələnən oyun onun üçün çempionatda sonuncu görüş oldu. Bundan sonra bir müddət futzalda işləyən, Naxçıvanın “Araz” klubunu çalışdıran Hacıyev böyük futbola qayıdışını noyabrın 1-də Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda “Olimpik-Şüvəlan”la görüşdə edəcək. Yeni komandasında debütdə rəqibi olacaq həmkarı Əsgər Abdullayev də “Bakı”nın sabiq baş məşqçilərindəndir. Özü də Abdullayevi bu komandanın sükanı arxasında məhz Hacıyev əvəzləmişdi.

2005/06 mövsümünün sonuna 8 tur qalmış həmin baş məşqçi dəyişikliyi “Bakı” üçün düşərli oldu. Buna qədər klubun rəhbərliyində yer alan, müşavir vəzifəsində çalışan Hacıyev qalan görüşlərdə yüz faizli nəticə göstərdi. Özü də bu qələbələr qol buraxılmadan qazanıldı və sonda “Bakı”nın ilk çempionluğu reallaşdı. Komandanın ilk titulu isə məhz Abdullayevə məxsusdur ki, bu da 2005-ci ildə qazanılan ölkə kubokudur.

Hacıyev Abdullayevdən üstünlüyünü sonradan da göstərib. Belə ki, 2006-cı ildən “Olimpik”in baş məşqçisi olan 49 yaşlı Abdullayev həmkarı ilə görüşlərdə nəinki qələbə qazana, komandası qol da vura bilməyib. 2006/07 mövsümündə ilk dövrədə evdə “Olimpik” 1:0 hesabı ilə yenən Hacıyevin komandası ikinci dövrədə səfərdə qolsuz bərabərliyə qalıb. Hacıyev “Bakı”da çempionluq qazandığı mövsümdə də “Olimpik”ə gücünü göstərib. Fərq ondadır ki, həmin vaxt komandanın sükanı arxasında Abdullayev yox, serbiyalı həmkarı Peter Kurçubiç olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin görüşdə də Hacıyev “Olimpik”dən qol buraxmadan qələbə qazanıb – 2:0.

Hacıyev futbolda Naxçıvan “Araz”ının baş məşqçisi olduğu vaxtda Abdullayevin çalışdığı “Şəfa” klubu ilə görüşüb. Ancaq həmin 2001/02 mövsümü klublarla AFFA arasında yaranan münaqişə üzündən yarımçıq dayandırıldı və həmin çempionatın nəticəsi ləğv olundu.

Qeyd edək ki, turnir cədvəlində sonuncu yerdə gedən “Standard”ın hesabında cəmi 2 xal var və hələ ki qələbə qazanmayan yeganə komandadır.