“Qarabağ”da daha bir legioner
23.01.2010 - 14:52
“Qarabağ”da daha bir legioner
Ağdamın “Qarabağ” klubu daha bir legioneri baxışa çağırıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı bosniyalı hücumçu İqor Radovanoviç komandanın Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına qatılıb. Bosniya və Herseqovinanın “Slaviya” klubundan dəvət olunan legioner buna qədər Rumıniya və Belçikanın yüksək liqalarında oynayıb. “Slaviya”ya Bosniyanın “Jelezniçar” klubundan transfer olunan Radovanoviç Avroliqa oyunlarında iştirak edib. 192 sm boya malik hücumçu yaxşı fiziki göstəriciləri ilə diqqəti cəlb edir.

Bu gün axşam saatlarında “Qarabağ”ın düşərgəsinə daha iki yeni futbolçu gələcək. Komandanın baş məşqçisi Qurban Qurbanov yeni oyunçular haqda son qərarını yanvarın 25-də iki yoxlama oyunundan sonra verəcək. “Qarabağ” həmin gün yerli vaxtla saat 11:00-da Ukraynanın “Şaxtyor”, saat 16:00-da isə Rumıniya Premyer Liqa təmsilçisi “Gloriya Bıstrita” klubu ilə görüşəcək.

Qeyd edək ki, Qurbanov Antalyaya baxışa gələn legionerlərin hamısını bəyənmədiyi üçün geri qaytarıb.
0