Hakan Şükür: Azərbaycandan ehtiyatlanmaq lazımdır
07.02.2010 - 18:56
Hakan Şükür: Azərbaycandan ehtiyatlanmaq lazımdır
“Müasir futbolda zəif komanda qalmayıb. Artıq hər bir yığma sürpriz etmək qabiliyyətinə malikdir. Mənə elə gəlir ki, seçmə mərhələdə A qrupunun favoritləri Türkiyə və Almaniyadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə futbolunun canlı əfsanəsi, “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür deyib.

Bu gün keçirilən Avro-2012-nin seçmə mərhələsinin püşkatması barədə fikirlərini açıqlayan veteran futbolçu Azərbaycan yığmasının da gücündən danışıb: “Azərbaycan, Qazaxıstan, yaxud Avstriya komandaları ilə oyunlarımız daha çətin keçəcək. Belə komandalardan ehtiyatlanmaq lazımdır. Ən əsası odur ki, bu matçlara düzgün köklənəsən. İmicinə baxmayaraq, Türkiyə yığması dünya futbol ictimaiyyətinə nələrisə sübut etməlidir. Bizim hələ də baş məşqçimiz yoxdur, çoxlu çatışmazlıqlarımız var”.

Qeyd edək ki, milli komandamız seçmə mərhələdə Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanla birgə A qrupunda yer alıb.