“Azərbaycanla məşq etməklə, çempion olmaq mümkün deyil”
09.02.2010 - 14:09
“Azərbaycanla məşq etməklə, çempion olmaq mümkün deyil”
Avro-2012-nin final mərhələsinə meydan sahibi kimi birbaşa vəsiqə qazanan Ukrayna yığması həlledici qarşılaşmalara qədər olan müddətdə yalnız güclü rəqiblərlə qarşılaşmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Miron Markeviçin yetirmələrinin Azərbaycan milli komandasının seçmə mərhələsindəki rəqibi Almaniya, həmçinin İtaliya və İspaniya kimi yığmalarla görüşlər haqda danışıqlara başlayıb.

Ukrayna futbolunun əfsanələrindən olan Aleksandr Zavarov bu addımı dəyərləndirərək, həmyerlilərinə haqq qazandırıb: “Yığmamızın məşqçiləri düz edirlər. Yalnız Almaniya, İspaniya səviyyəsində olan rəqiblərlə matçlarda özümüzü yoxlaya, potensialımıza bələd ola bilərik. Özlərinə əmin olan məşqçilər də bunun tərəfdarıdır. Yoxsa ki, Azərbaycan və Ermənistanla məşq etsək, onda Avropa çempionu olmaq haqqında düşünməməliyik”.

Qeyd edək ki, Avro-1988-in gümüş mükafatçısı olan Zavarov bir müddət əvvəl Kiyev “Arsenal”ından istefaya göndərilib.