“Qəbələ” - “Turan” matçında nə baş verib?
10.02.2010 - 00:01
“Qəbələ” - “Turan” matçında nə baş verib?
Tovuzun “Turan” klubu Unibank Premyer Liqasının XIX turunun “Qəbələ” ilə oyununda hakim haqsızlığı ilə üzləşməsindən narazıdır. Apasport.az saytının məlumatına görə, qərblilərin məşqçisi Sakit Alıyev bu narazılığı qarşılaşmanın protokoluna da yazmağı lazım bilib.

Görüşdən sonra gənc hakim Rauf Cabbarovun idarəçiliyindən üzgün olan tovuzlular rəsmi sənədə iradlarını qeyd edib: “Oyunun nəticəsini hakim müəyyənləşdirdi. O komandamızın qapısına düzgün olmayan penalti təyin etdi. Hələ oyunçular meydana çıxarkən rəqib kluba heç bir bağlılığı olmayan bir şəxs onu söyərək təhqir edir. Təzyiq altına salırdı. Bundan sonra da hakim meydanda səhvlərə yol verdi. Matçın gedişində 2 dəfə meydana əlavə topun atılmasının haradan qaynaqlandığını görmədi. Hərçənd bunda rəqibin ehtiyat oyunçular skamyasının rolu var idi. Lakin “Turan”ın məşqçisi Eltay Aslanov heç nədən texniki zonadan qovuldu”.

Qeyd edək ki, “Qəbələ” – “Turan” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.