Belçika yığmasının qapıçısı: Hətta Azərbaycan da çətin rəqibdir
10.02.2010 - 13:38
Belçika yığmasının qapıçısı: Hətta Azərbaycan da çətin rəqibdir
“Niyə də birinci yeri Belçika milli komandası tutmasın? Hər şey ilk oyundan asılıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika milli komandasının qapıçısı Loqan Beyli deyib.

Yığmanın son oyunlarından heyətə cəlb olunmağa başlayan 25 yaşlı futbolçu Avro-2012-nin seçmə mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb. Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunda çıxış edən Beyli çoxlarının autsayder gözü ilə baxdığı Azərbaycan və Qazaxıstanın da asan rəqib olmadığını düşünür: “Seçmə mərhələyə qələbə ilə başlasaq işlərimiz yağ kimi gedəcək. Hər halda, güclü qrupa düşmüşük və hər cür problemlərlə üzləşə bilərik. Lakin nəyi isə əvvəlcədən demək də düzgün deyil. Düşünürəm ki, qrupumuzdakı hər bir komanda ilk iki pillədən birində qərarlaşa bilər. Hətta Azərbaycan yığması da çətin rəqib sayılır”.

Qeyd edək ki, milli komandada 2 oyun keçirən Loqan Pekin Olimpiadasının yarımfinalçısıdır. Onun qapısını qoruduğu Belçika yığması iki il əvvəl Olimpiya Oyunlarında 4-cü yeri tutub.