“Araz Abdullayevin məsələsini tezliklə həll edəcəyik”
25.02.2010 - 11:25
“Araz Abdullayevin məsələsini tezliklə həll edəcəyik”
Rusiyanın ikiqat çempionu olan “Rubin” klubunun baş məşqçisi Qurban Berdıyev “Neftçi”nin futbolçusu Araz Abdullayevin məsələsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Avroliqanın 1/16 final mərhələsi çərçivəsində “Hapoel” klubu ilə bu gün cavab görüşünə çıxacaq Kazan təmsilçisinin çalışdırıcısı İsraildə oyun öncəsi keçirilən mətbuat konfransında milli komandamızın da üzvü olan 17 yaşlı yarımmüdafiəçi ilə bağlı sualı cavablandırmağı lazım bilməyib.

Rusiyalı həmkarımız hücumçu kimi təqdim etdiyi Arazın “Rubin”lə müqavilə bağlaması haqda Azərbaycan mətbuatında yayılan informasiyanın həqiqətə uyğun olub-olmadığını Berdıyevdən soruşub. “Rubin”i Premyer Liqada son iki mövsümün qalibi edən təcrübəli mütəxəssisin cavabı qısa və lakonik olub: “Gəlin matç haqda danışaq”.

Berdıyev yalnız 25 dəqiqəlik mətbuat konfransı başa çatandan sonra gənc futbolçumuzla bağlı məsələyə aydınlıq gətirib: “Söhbət 17 yaşlı oğlandan gedir. Baxırıq, tezliklə həll edəcəyik. Ancaq belə oyun öncəsi onun haqda danışmaq...”

Qeyd edək ki, Abdullayev “Rubin”in əvəzedici komandasının heyətində Türkiyədə baxışdan uğurla keçəndən sonra keçidi ilə bağlı qərar qəbul olunub. Daha sonra müqavilə məsələləri ilə bağlı Kazana yollanan futbolçumuz bu səbəbdən milli komandamızın İordaniya və Lüksemburqa çağırılan heyətindən çıxarılıb.
0