Omari Tetradze: Fürsətdən istifadə edib Mahir Şükürova təşəkkür edirəm
25.02.2010 - 11:48
Omari Tetradze: Fürsətdən istifadə edib Mahir Şükürova təşəkkür edirəm
“Əlbəttə, məni yeni mövsüm öncəsi komandanın vəziyyəti narahat edir. İndi heyəti çox oynatmalıyıq. Ancaq bu təlim-məşq toplanışlarında yoxlama oyunları az keçirdik. Bu vəziyyətdən çıxmağa çalışacağıq. Başqa çıxış yolumuz yoxdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradze deyib.

Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovu qış fasiləsində Bakının “İnter” klubundan alan gürcü çalışdırıcı Rusiya Premyer Liqasında növbəti mövsümün startına az qalmış qayğılıdır. Bütün futbolçuları fiziki baxımdan hazır saymayan Tetradze heyəti gücləndirmək istəyir. Ancaq Mahaçqala klubunun maddi vəziyyəti yüksək olmadığı üçün bahalı futbolçuları transfer edə bilmir.

Tetradzenin fikrincə, Şükürov da daxil olmaqla qafqazlı futbolçularla bu baxımdan dil tapmaq daha asandır: “Mənim üçün futbolçunun milliyyəti önəmli deyil. Əsas onun peşəkar olub, komandaya fayda verməsidir. Komandada rusların oynamasına qətiyyən qarşı olmasam da, bu zaman klub problemlərlə üzləşir. Bu planda Qafqaz regionunda olan futbolçularla razılaşmaq asandır. Ötən il gürcü futbolçulara güvənməklə yanılmadığımı düşünürəm. Onlar Premyer Liqaya vəsiqə qazanmaqda böyük töhfə verdilər. İndi onların sayının ixtisar olunmasına məcburuq. Komandanı Martsavaldze, Sacaya, Novalovski, İaşvili tərk etdi”.

Həmyerlisi Georgi Novalovskini qış fasiləsində Bakı “İnter”inə icarəyə verən Tetradzenin sözlərinə görə, futbolçulara borcları yoxdur. “Anji”nin Premyer Liqada autsayderlər sırasına aid edilməsi ilə razılaşmayan çalışdırıcı rəqiblərinə mesaj göndərib: “Nəyə qadir olduğumuzu mövsüm göstərəcək. Sadəcə iştirak etməyi heç kim istəmir. Heyətin necə olsa belə, qarşıya yüksək məqsədlər qoymaq lazımdır. Əgər yeni çempionatda ilk onluqda olsaq, bu, irəliyə doğru əhəmiyyətli addım olacaq. Hamıya oynamaq lazımdır. Ancaq bu gün komandamız səviyyəsinə görə Rusiyanın MOİK, “Spartak”, “Rubin”, “Zenit”, “Lokomotiv”, “Dinamo” kimi nəhəng klublarına uduzur. Onlarla başabaş mübarizə aparmaq üçün çox işləmək lazımdır. Fürsətdən istifadə edib futbolçulara təşəkkür edirəm. Sakitcə işləyirlər, heç kim gün keçirmir. Hamısı indiki hazırlıq səviyyələri imkan verdiyi qədər qüvvəsini sərf edir”.

Qeyd edək ki, “Anji” ötən mövsüm Rusiya birinci divizionunun qalibi kimi Premyer Liqaya qayıdıb.
0