“Qalatasaray”ın baş məşqçisini məhkəməyə verirlər
25.02.2010 - 12:23
“Qalatasaray”ın baş məşqçisini məhkəməyə verirlər
İstanbulun “Qalatasaray” klubunun baş məşqçisi Frank Raykard məhkəməyə veriləcək. Apasport.az saytının məlumatına görə, onun barəsində “Antalyaspor”un oyunçusu Yalçın Ayhan məhkəmə qarşısında iddia sürmək niyyətindədir. Gənc oyunçunu belə addımı atmağa məcbur edən Raykardın həqiqətəuyğun danışmamasıdır.

Məsələ burasındadır ki, “Antalyaspor” - “Qalatasaray” matçında qonaqların üzvü Co ciddi zədələnib. Raykard isə oyundan sonra mətbuata verdiyi açıqlamada bildirib ki, Conun sıradan çıxmasında Yalçın Ayhan günahkardır. Halbuki həmin epizodda Ayhan “Qalatasaray” futbolçusunun yanında olmayıb.

“Həmin epizodda mənim başqa mövqedə olduğumu hamı gördü. Ancaq Raykard məni günahlandırdı. Sonradan həqiqətin üzə çıxmasına baxmayaraq, o, heç nə demədi. Mən də haqqımı məhkəmədə axtaracağam. Qarşı tərəfdən maddi və mənəvi təzminat tələb edəcəyəm” - deyə “Antalyaspor”un üzvü vurğulayıb.

Ayhan lazımi sənədləri topladığını və vəkilinin gələn həftə məhkəməyə müraciət edəcəyini də söyləyib.
0