İqor Ponomaryov əsri “Kolizey”də yarıladı
25.02.2010 - 12:56
İqor Ponomaryov əsri “Kolizey”də yarıladı
Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov 50 illik yubileyini təmtəraqla qeyd etdi. Apasport.az saytının məlumatına görə, futbol üzrə yeganə Olimpiya çempionumuz əsri “Kolizey” restoranında yarıladı.

Apasport.az-ın da dəvətli olduğu tədbirdə veteran futbolçularımız, futbol, idman ictimaiyyətimizin nümayəndələri, AGİN, MOK, AFFA, PFL, klubların rəhbərliyi, Olimpiya çempionumuz Namiq Abdullayev, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Ələkbər Məmmədov və Kazbek Tuayev, qurumun sabiq prezidenti Fuad Musayevlə yanaşı, Rusiyadan gələn tanınmış mütəxəssislər – Anatoli Bışovets və Stanislav Çerçesov da iştirak edirdi. Futbol aləmi ilə yaxşı əlaqələri olan “KVN”-çilər - Anar Məmmədxanovlə Murad Dadaşovun idarə etdiyi məclisdə təbriklərini çatdırmaq üçün dəvət olunan məşhurlar gur alqışlarla qarşılandılar. Bışovetsin çıxışı ciddi xarakter daşıdığı halda, onun oğlu yerində olan Çerçesov zarafatından, lətifələrdən qalmırdı. Ponomaryov 1988-ci ildə SSRİ yığmasının heyətində Seul Olimpiadasının qalibi olarkən baş məşqçisi olan Bışovets ona həmin turnirdə çəkilən komanda şəklini hədiyyə etdi.

AGİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimov yubilyara Azərbaycan Prezidentinin fəxri diplomunun verilməsi haqda sərəncamı oxudu, həmin mükafatı təqdim etdi. Gənclər və idman naziri Azad Rəhimov səhhətindəki problem üzündən tədbirə qatılmasa da, hər halda, Rəhimovun vasitəçiliyi ilə təbriklərini telefonla çatdırdı. MOK, AFFA və “Neftçi”dən vitse-prezidentlər - Xəzər İsayev, Elşad Nəsirov və Tahir Süleymanov təbrik edib hədiyyələrini təqdim etdilər. Prezidentləri adından da təbrikləri çatdıran Nəsirovla Süleymanov müvafiq olaraq mili komandamızın və “Neftçi”nin arxasında Ponomaryovun soyadı olan 50 nömrəli formaları təqdim etdi. “Xəzər-Lənkəran”dan vitse-prezident Tuyqun Nadirov, “Bakı”dan icraçı direktor Yaşar Seyidov da hədiyyələrindən qalmadı, prezidentləri adından da təbrikləri ünvanladı.

“Lider TV”nin səbəbkar üçün hazırladığı video çarx nümayiş olunan zamanı Ponomaryov xatirələrə daldı. Tanınmış bəstəkar Eldar Mansurov tədbirə özünəməxsus hədiyyə ilə gəlmişdi. Belə ki, indiyədək futbol haqda bir mahnı yazan bəstəkar ikincisini Ponomaryova bağışladı. Yubilyara həsr olunan həmin mahnı tədbirdə səsləndirildi.

Ponomaryovun “Neftçi”də “qızıl üçlik” təşkil etdiyi İsgəndər Cavadovla Maşallah Əhmədov bir dost kimi tədbirdə fəal iştirak etdilər. Xüsusilə Əhmədov canfəşanlığı ilə seçilir, məclisi qızışdırırdı. “KVN”-çilər Bəhram Bağırzadə ilə Tahir İmanovun da sonradan təşrif buyurduğu tədbirdə ən maraqlı anlarından biri penalti zərbələrinin vurulması oldu. Bəli, restoranın ortasında AFFA-nın hədiyyə etdiyi toplar qoyuldu və veteran hakim Asim Xudiyevin nəzarəti ilə kiçik “çərçivə”yə zərbələr yerinə yetirildi. Dadaşov zərbəni dəqiq vuranlara Ponomaryovun şəxsi imzası olan topların təqdim olunacağını əvvəldən elan etdi və bu, belə də oldu.

Biz də apasport.az saytı olaraq Ponomaryovu 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, həm şəxsi, həm də futbol həyatında daha böyük uğurlar arzulayırıq. Yüz yaşa, Olimpiya çempionumuz!
0