Anar Məmmədxanov Olimpiya çempionumuzu müğənnilərlə müqayisə etdi
25.02.2010 - 15:13
Anar Məmmədxanov Olimpiya çempionumuzu müğənnilərlə müqayisə etdi
“İqor Ponomaryovla tanış olanda aramızda düz 10 il yaş fərqi var idi. Bu, 1980-ci ildə qədim Şuşada olmuşdu. Ponomaryovun da heyətində olduğu “Neftçi” orada hazırlıq keçirdi. Həmin vaxt mənim 10, onun 20 yaşı var idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Milli Məclisin üzvü Anar Məmmədxanov deyib.

Məmmədxanov uzun illərdir dostluq etdiyi futbol üzrə yeganə Olimpiya çempionumuz İqor Ponomaryovla ilk tanışlığını həmişə xoş xatirə kimi yada salır. O, uşaq vaxtı belə tanınmış futbolçu ilə şəkil çəkdirməsi ilə də fəxr edirmiş: “Təsəvvür edin, həmin vaxt “Neftçi” necə komandaydı, necə heyəti var idi. Onlarla çəkdirdiyim fotonu dost-tanışlarıma göstərəndə onlar mənə paxıllıq edirdilər, sözün əsl mənasında qara qısqanclıq var idi (gülür). Belə şəkil çəkdirmək hər bir insan üçün böyük bir şərəf idi. “Neftçi” həmin vaxt Şuşada 10 gün təlim-məşq toplanışı keçdi, mən hər gün onlarla bir yerdə idim. Çox şadam ki, Ponomaryovla həmin dostluğu bu günə kimi qoruyub saxlaya bildik”.

Məmmədxanov belə insanları yetişdirməsini Azərbaycanın böyüklüyü hesab edir: “Ponomaryovdan bir gün öncə digər görkəmli futbolçumuz, “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin ad günü idi. Bunlar Azərbaycan üçün böyük bir şərəfdir. Necə Fransada Platini, İngiltərədə Lineker, Danimarkada Laudrup, Gürcüstanda David Kipiani əfsanəvi futbolçudur, Ponomaryov da Azərbaycanın sözün əsl mənasında böyük bir futbolçusudur. Ona görə yox ki, onun nəticələri var idi. Təbii ki, Ponomaryovun nəticələri böyük idi. O, əsl azərbaycanlıdır və biz onunla fəxr edirik”.

Ponomaryovun 50 illik yubiley tədbirini idarə edən keçmiş “KVN”çi zarafatından qalmayıb. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının kapitanı dostuna söz atıb: “Mənim bu il 40 yaşım tamam olacaq. Yadımdadır, Ponomaryovun 40 yaşı olanda deyirdim ki, o, sözün əsl mənasında qocalıb. Mənim 20 yaşım olanda, onun 30, 30 yaşım olanda, onun 40 yaşı olurdu. İndi mənim 40, Ponomaryovun 50 yaşı var. Mən yenə deyirəm ki, Ponomaryov necə qocadır, mən necə cavanam. Təbii ki, bu, bir zarafatdır”.

Məmmədxanov yaxın dostunu müğənnilərimiz və milli komandamızın da baş məşqçisi olan braziliyalı dünya çempionu Karlos Alberto Torreslə müqayisə edib. Deputat Ponomaryovun hamı tərəfindən sevilməsinin də sirrini açıqlayıb: “Məsələn, bizim müğənnilər Türkiyəyə getdiklərini deyirlər. Əslində isə onlar Türkiyədə hansısa bir barda iki dəfə oxuyub qayıdırlar. İqor Ponomaryov isə dünyanın hər bir bölgəsində yerinin olduğunu sübut edib. Amma o, getməyərək Bakını seçib. Buna görə Ponomaryova böyük hörmətim var. Elə Banişevskini də hamı bu sədaqətinə görə çox sevir. Biri var səni hər yerə çağırsınlar, ancaq ondan imtina edəsən. Biri da var, səni heç yerə çağırmırlar, sən də deyirsən ki, filan yerə gedəcəyəm. Karlos Alberto Torres böyük futbolçu olub, böyük uğurlar qazanıb. Ancaq tək Ponomaryovu komanda uduzanda da sevirdilər, udanda da. Bu, fenomen şeydir”.