Subaşiçi “Krivbass” da bəyənmədi, “Spartak” da
25.02.2010 - 16:32
Subaşiçi “Krivbass” da bəyənmədi, “Spartak” da
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç özünə yeni klub tapmaqda növbəti problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı serb hücumçu Ukraynanın “Krivbass” klubuna keçidi baş tutmayıb.

Bu komandaya düşmək üçün hazırlıq keçdiyi Türkiyəyə baxışa gələn Subaşiç “Dnepr” klubu ilə yoxlama oyununda ikinci hissədə meydana çıxıb. Ancaq “Krivbass”ın Ukraynanın Premyer Liqasındakı rəqibinə böyük hesablı məğlubiyyəti (1:4) Branimiri də uğursuzluğa düçar edib. Yığmamızın üzvünü bəyənməyən “Krivbass” onu geri qaytarıb.

Bu azmış kimi, Nalçikin “Spartak” klubu da Subaşiçi götürəsi olmayıb. Məsələ ondadır ki, serb hücumçunun xeyli vaxtdır adı hallandığı bu komandaya baxışa yollanmaq variantı var imiş. Ancaq Branimir bunu yox, daha münasib saydığı “Krivbass” variantını dəyərləndirməyi üstün tutub. Hər halda, “Spartak” da Türkiyədə hazırlıq keçir və baş məşqçisi Yuri Krasnojan tanıdığı Subaşiçin oyununa baxmaq üçün “Krivbass” – “Dnepr” görüşünü izləməyə gəlib. Ancaq Krasnojan böyük hesabla uduzan komandanın heyətində 45 dəqiqə çıxış edən hücumçunun oyununu bəyənməyib. Nəticədə Branimirin vaxtilə oynadığı Rusiya və Ukrayna Premyer Liqasına qayıtmaq variantı baş tutmayıb. O, 2005-ci ilin yayında Bakının “Neftçi” klubuna keçənə kimi Permin “Amkar” və Odessanın “Çernomorets” klublarında çıxış etmişdi.

Qeyd edək ki, az öncə Birləşmiş Ərəb Əmirliklərinə yollanan Subaşiçin Dubay klubuna da transferi gerçəkləşməyib. O, məhz oradan “Krivbass”ın düşərgəsinə gəlib. Müqavilə ilə Belqradın “Srvena Zvezda” klubuna məxsus olan Branimirin Türkiyə Superliqa təmsilçisi “Diyarbəkirspor”a yanvarda keçidi maddi məsələlər üzündən baş tutmayıb.