“Bakı”nın futbolçusu Foqtsun üzünü ağ edir
26.02.2010 - 14:39
“Bakı”nın futbolçusu Foqtsun üzünü ağ edir
“Bakı” klubunun futbolçusu Fabio Luis Ramim Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun üzünü ağ edir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı milliləşən yarımmüdafiəçi 21 aydır çıxış etdiyi milli komandamızda 4-cü qolunu vurub.

Fabio İordaniya yığması ilə yoldaşlıq görüşünün (2:0) 1-ci dəqiqəsində başla rəqib qapısına yol tapmaqla hesabı açıb və millimizin 18 illik tarixində erkən qollardan birinin müəllifi olub.

Ramimin milli komandamızda debütü Foqtsla bir vaxta təsadüf edir. Yəni hər iki əcnəbi 2008-ci ilin iyunun 1-də Bosniya və Herseqovina yığması ilə səfərdə keçirilən yoldaşlıq görüşündə (0:1) siftə ediblər. Ramim bundan 4 gün sonra səfərdə Andorra yığmasını 2:1 hesabı ilə məğlub etdiyimiz yoldaşlıq görüşündə qələbə topunun müəllifi olub. Bununla da braziliyalı Foqtsa yığmamızda ilk qələbəni qazandıran futbolçu kimi tarixə düşüb.

Milli komandamızın Andorradan sonrakı görüşündə də Fabionun qolu qeydə alınır. O, avqustun 20-də İslandiya yığması ilə 1:1 hesabı ilə nəticələnən yoldaşlıq oyunda hesabı açır. Göründüyü kimi, Foqtsun milli komandamızın ilk heç-heçəsi də Ramimin adı ilə bağlıdır. “Bakı”nın yarımmüdafiəçisi yığmada 3-cü qolunu ötən ilin fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərində vurur. Özbəkistan yığması ilə Dubayda baş tutan yoldaşlıq görüşündə (1:1) ikinci hissədə meydana daxil olan Ramim penalti zərbəsini dəqiq yerinə yetirir.

Bu dəfə yığmada standartdan yox, ilk dəfə oyun vəziyyətindən qol vuran Fabio Foqtsun İordaniyaya apardığı heyətdə bombardirdir. O, növbəti dəfə fərqlənməklə hesablarında hərəyə 3 qol olan “Qarabağ”lılar – kapitan Rəşad Sadıqov və Elvin Məmmədovu qabaqlayıb. Ümumiyyətlə isə Foqtsun yığmasında ən sərrast oyunçu Vaqif Cavadovdur. Zədə üzündən İordaniyaya gəlməyən Hollandiyanın “Tvente” klubunun 21 yaşlı hücumçusu vurduğu 5 qoldan 4-ü Foqtsun, birincisini isə onu yığmada debüt etdirən sabiq baş məşqçi Şahin Diniyevin vaxtında imza atıb. Yəni Ramimlə Cavadov Foqtsun vaxtında 4 qol vurmaqla onun bombardirləridir.

Qeyd edək ki, sizə təqdim etdiyimiz bombardirlər siyahısında ən azı 4 qol vuranlar arasında olan Zaur Tağızadə, Branimir Subaşiç, Fərrux İsmayılov, Samir Əliyev, Nadir Nəbiyev futbolçu karyeralarını davam etdirsələr də, Foqtsdan dəvət almadıqları üçün uzun müddətdir yığmadan kənarda qalıblar.

Azərbaycan milli komandasının bombardirləri

1. Qurban Qurbanov – 14
2-3. Zaur Tağızadə, Branimir Subaşiç – 6
4-8. Nazim Süleymanov, Vidadi Rzayev, Fərrux İsmayılov, Vyaçeslav Lıçkin, Vaqif Cavadov – 5
9-12. Yunis Hüseynov, Samir Əliyev, Nadir Nəbiyev, Fabio Luis Ramim - 4