“Neftçi”nin sabiq futbolçusu Litovçenkonun komandasında
26.02.2010 - 15:33
“Neftçi”nin sabiq futbolçusu Litovçenkonun komandasında
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Oleq Gerasimyukun gələcək karyerasına tam aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı ukraynalı yarımmüdafiəçi “Volın” klubuna qayıdıb. Futbolçularımızdan Cahangir Həsənzadə, Tərlan Əhmədov, Samir Əliyev, Kamal Quliyev, Fərrux İsmayılovun bir vaxtlar çıxış etdiyi Lutsk təmsilçisi Gerasimyuku Ukraynada qış “transfer pəncərəsi”nin bağlanmasına 2 gün qalmış sifariş edib.

Oleq yetirməsi olduğu “Volın”da 2004-cü ilin iyulun 15-də “Tavriya” ilə oyunda debüt edib, 26 görüşdə 2 qol vurub. 2005-ci ilin qışında Kiyevin “Dinamo” klubuna keçən Gerasimyuk “Neftçi”yə məhz oradan gəlib. “Dinamo” ikinci komandasında oynatdığı futbolçusunu 2008-ci ilin yayında “ağ-qaralar”a 6 aylığa icarəyə verib. “Neftçi”də debütdə yaxşı çıxış edən, İntertoto kubokunda Rumıniyanın “Vasluy” klubuna Bakıda (2:1) qol da vuran Gerasimyuk çempionatın əvvəlində ağır zədə alıb. Nəticədə cərrahiyyə əməliyyatı olunan legioner daha “Neftçi”də oynamayıb və onunla qışda icarə müqaviləsi uzadılmayıb.

“Ağ-qaralar”da ümumilikdə 2 qol vuran Oleq Ukraynanın aşağı yaş qruplarından ibarət yığmasında böyük oyun təcrübəsinə malikdir. O, qış fasiləsində ”Tavriya”da baxışda olsa da, sonda “Volın”a üstünlük verib. Yarımmüdafiəçi yeni komandasında 9 nömrəli formanı geyəcək.

Qeyd edək ki, “Volın”ın təqdim etdiyi yeni futbolçular arasında Sergey Litovçenko da var. Ancaq 31 yaşlı bu müdafiəçi ötənlərin məşhur ukraynalı futbolçusu Gennadi Litovçenkonun oğlu yox, sadəcə, həmsoyadıdır.