Seleksiyaçıların siyahısında 500 min dollarlıq azərbaycanlı futbolçu
26.02.2010 - 16:19
Seleksiyaçıların siyahısında 500 min dollarlıq azərbaycanlı futbolçu
Azərbaycanlı futbolçu Elmar Xeyirovun Ukrayna macərası davam edir. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız 23 yaşlı hücumçunun Xarkovun “Metallist” klubunun maraq dairəsində olduğunu yenidən iddia edir. Onların fikrincə, Belarusun “Smorqon” klubuna məxsus olan Elmar seleksiyaçıların siyahısında yer alıb. Özü də futbolçuya yenə 500 min dollar qoyulub. Ukraynalılar “Metallist”in hücum xəttini gücləndirmək üçün fəal axtarışda olduqlarını bildirir. Vətənindəki karyerası da uğurlu olmayan Xeyirov uzun müddətdir özünə klub axtarır.

“Metallist”i yaxınlarda Ukrayna milli komandasının baş məşqçisi təyin olunan Miron Markeviç çalışdırır. O, bir müddət öncə Elmarı transferi ilə bağlı xəbəri təkzib etmişdi: “Mən azərbaycanlı futbolçu Elmar Xeyirovla maraqlandığımızı ilk dəfədir eşidirəm. Onun komandamıza keçidi haqda heç nə bilmirəm”.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında ikinci dövrə həftə sonu başlayacaq. “Metallist” sabah Lvovda yerli “Karpatı” klubunun qonağı olacaq. Branimir Subaşiçin yenidən Ukraynada çıxış etmək variantı olsa da, milli komandamızın sabiq hücumçusu “Krivbass” klubunda baxışdan uğurla keçə bilməyib.