Berti Foqtsun 15-ci kəşfi
26.02.2010 - 16:26
Berti Foqtsun 15-ci kəşfi
İordaniya yığması ilə Əmman şəhərində keçirilən yoldaşlıq oyununda 3 futbolçu ilk dəfə Azərbaycan milli komandasının heyətində meydana çıxıb. Apasport.az saytının hesablamalarına görə, Ərəbistan yarımadasındakı qarşılaşmadan sonra yığmamızın formasını geymiş futbolçuların ümumi sayı 162-yə çatıb. Bu, Əfran İsmayılov, Fərid Quliyev və sonradan komanda yoldaşını əvəzləyən Rauf Əliyevin debütündən sonra mümkün olub.

İordaniyadakı görüşədək 159 oyunçu komandamızın şərəfini qorumuşdu. Baş məşqçi Berti Foqtsun sərəncamında daha iki debütant yer alıb. Səlahət Ağayev və Amit Quluzadə Lüksemburqla matçda debüt edərsə, adlarını siyahıya daxil edə bilər.

Qeyd edək ki, almaniyalının yığmamıza rəhbərliyi dövründə 15 futbolçu komandada debüt edib.