Tuyqun Nadirov: Biz PFL-lə problemi artıq həll etdik
26.02.2010 - 18:40
Tuyqun Nadirov: Biz PFL-lə problemi artıq həll etdik
“AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin son qərarından xəbərdarıq. Qurumun bu gün keçirilən iclasında iştirak etmişəm. AFFA-nın İntizam Komitəsinin klubumuz haqda çıxardığı qərarı ləğv olunmuş saymaq olar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin bu gün keçirdiyi iclasında qərara alınıb ki, İntizam Komitəsinin “Xəzər-Lənkəran”la bağlı qəbul etdiyi qərarın qüvvəsi müvəqqəti dayandırılsın və tərəflərə Lənkəran şəhərində klub tərəfindən növbəti rəsmi oyun keçirilənə qədər “Unibank”ın reklam bannerlərinin yerləşdirilməsi barədə razılığa gəlmək təklif olunsun. İntizam Komitəsinin “Xəzər-Lənkəran”la bağlı qəbul etdiyi qərara Lənkəran şəhərində klub tərəfindən növbəti rəsmi oyun keçiriləndən sonra baxılması nəzərdə tutulub.

Qərara münasibətini bildirən Nadirov problemi həll olunmuş sayır. Onun sözlərinə görə, artıq Peşəkar Futbol Liqası (PFL) ilə ortaq məxrəcə gəlindiyindən, məsələ formal xarakter daşıyır: “Biz artıq PFL-lə məsələni razılaşdırmışıq. Stadionumuzda reklam lövhələrini yerləşdirdiyimiz şirkətlərlə uzun müddətli müqavilələr bağlamışıq. Arenamızda bannerləri yerləşdirməklə bağlı yerlər məhduddur. PFL-in prezidenti Ramin Musayev bizi başa düşdü. Apelyasiya və Ekspert Komitəsinin iclasından sonra Musayevin imzası ilə klubumuzun prezidentinin adına məktub daxil oldu. Orada göstərilib ki, PFL reklam üçün 25 yox, 2 faizi qəbul edir. Yəni çempionatımızın əsasnaməsində stadionlarda reklam yerlərinin 25 faizinin PFL-ə məxsus olduğu göstərilib. Ancaq əvvəl dediyim kimi, məsələni anlayışla qarşılayan qurumun prezidenti 2 faizə razı olduğunu rəsmi məktubda təsdiqləyib”.

Nadirov Premyer Liqamızın baş sponsoru, PFL-in əməkdaşlıq müqaviləsi imzaladığı “Unibank”ın reklam lövhələrinin Lənkəran stadionunda harada yerləşdirilməsinə belə aydınlıq gətirib: “Bu, artıq bizim ixtiyarımızda olan məsələdir. Yəni hara münasib, boş olarsa, orada da yerləşdirəcəyik. Qarşı tərəf buna razıdır və bu baxımdan heç bir problem yaranmamalıdır. PFL ilə məsələnin razılaşdırılması ilə bağlı sənəd AFFA-nın Apelyasiya və Ekspert Komissiyasına göndəriləndən sonra İntizam Komitəsinin haqqımızda çıxardığı qərar avtomatik ləğv olunacaq. Yəni problem demək olar həllini tapıb və məsələnin sadəcə rəsmiləşməsi qalır”.

Qeyd edək ki, İntizam Komitəsi “Xəzər-Lənkəran”ı ev oyunlarında “Unibank”ın reklam banneri yerləşdirmədiyinə görə xəbərdarlıq edəndən sonra 2000 manat cərimələyib.