Mahir Şükürov oğru ilə bir otaqda qalsaydı...
01.03.2010 - 11:31
Mahir Şükürov oğru ilə bir otaqda qalsaydı...
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Rusiyanın “Anji” klubunda qarət oluna bilərmiş. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisindən qaçan mərakeşli futbolçu Yussef Rabehin qonşusunu soyduğu məlum olub.

Ötən yay Bolqarıstanın “Levski” klubunun heyətində Bakıya gələn Rabeh otaq yoldaşı Todor Timonovun pul qabını oğurlayıb. “Anji”nin baş məşqçisi Omari Tetradze bu oğurluq faktını bolqar futbolçudan xəbər tutduqlarını bildirib: “Timonov öz otağına gəldiyi zaman nə qonşusunu, nə də pullarını tapa bilib. İtən pulun məbləği elə də önəmli deyil. Faktın özü qəzəb doğurur. Rabeh yoxlama oyunlarının birində zədə aldı və onu vətəninə müalicə olunmağa buraxmağı xahiş etdi. Həkimlə məsləhətləşəndən sonra belə nəticəyə gəldik ki, zədə elə də ciddi deyil. Bu səbəbdən futbolçunun gedişi məqsədəuyğun deyil və bunu onun özünə də dedik. Ancaq görünür, mərakeşli özünəməxsus şəkildə hərəkət etməyi qərara alıb. Biz ona məşğələyə getməyib, otaqda qalmağa icazə verdik. Rabeh də bundan istifadə edib və qonşusunun pullarını oğurlayaraq, qaçıb”.

Göründüyü kimi, Mahirin bəxti gətirib. Hər halda, Şükürov Rabehlə bir otaqda qalsaydı, soyğunçuluğun qurbanı məhz futbolçumuz olacaqdı.