“Yığmadan kluba qayıdandan sonra onun gerilədiyi hiss olunur”
01.03.2010 - 14:55
“Yığmadan kluba qayıdandan sonra onun gerilədiyi hiss olunur”
“Rahid Əmirquliyevin 21 yaşlılardan ibarət yığmaya göndərilməsindən xəbərim var. Milli komandanın baş məşqçisi Berti Foqts və inzibatçısı İslam Abbasov xaricdən zəng edib, mənə bu haqda məlumat verdilər. Foqtsun Rahidlə bağlı qərarını düzgün sayıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mircavadov 2006-cı ildə cənub təmsilçisinə transfer etdiyi Rahid Əmirquliyevə daim güvənsə də, Foqts ona əsas heyət oyunçusu gözü ilə baxmır. Alman çalışdırıcı daha çox ehtiyatda saxladığı Rahidə cəmi iki oyunda, özü də sonradan meydana buraxmaqla şans verib. Foqts İordaniya ilə yoldaşlıq görüşünün 64-cü dəqiqəsində Vüqar Nadirovun yerinə buraxdığı 21 yaşlı yarımmüdafiəçini Lüksemburqa aparmamağı qərara alıb. Belə ki, Rahid qapıçı Səlahət Ağayev və digər yarımmüdafiəçi Amit Quluzadə ilə birgə sabah Şotlandiya ilə səfərdə rəsmi oyuna çıxacaq 21 yaşlılardan ibarət yığma komandamızın (U-21) düşərgəsində göndərilib.

Mircavadovun fikrincə, Əmiqrquliyevin milli komandada arxa planda qalmağındansa, U-21-də çıxış etməsi daha optimal variantdır: “Mən Rahidlə bağlı fikrimi, onun çağırılması ilə bağlı mövqeyimi Foqtsa əvvəl də demişdim. Onsuz da o, əsas yığmada oynamır. 21 yaşlılara kömək etməsi daha məqsədəuyğundur. Milli komandamızda ehtiyatda saxlamaqdansa, buraxın, gedib U-21-də oynasın. Bu zaman Əmiqruliyev daha da açılar. Açığı, milli komandamızın İordaniya yığması ilə yoldaşlıq görüşünü izləyə bilmədiyim üçün Rahidin orada oyunu haqda bir şey deyə bilmərəm. Əgər sol cinah yarımmüdafiəçisi kimi oynayıbsa, bunda problem yoxdur. Hər halda, bu mövqedə oynaya bilir, elə komandamızda həmin cinahda çıxış edib. Bilirsiniz, Əmirquliyev millidə ehtiyatda qalıb, kluba qayıdandan sonra gerilədiyi hissi olunur. Futbolçu oyun praktikasından korluq çəkməsi nəticəsində meydanda ağır hərəkət edir”.

Qeyd edək ki, Mircavadov Rahidi son illərdə dayaq yarımmüdafiəçisi mövqeyində oynadır.