Mircavadovdan tövsiyə, Foqtsdan minnətdarlıq
01.03.2010 - 15:16
Mircavadovdan tövsiyə, Foqtsdan minnətdarlıq
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Xəzər-Lənkəran” klubunun çalışdırıcısı Ağasəlim Mircavadova minnətdarlıq edib. Bu haqda apasport.az saytına açıqlamasında Mircavadov məlumat verib. 63 yaşlı mütəxəssis bildirib ki, alman məşqçiyə yığma üçün futbolçu məsləhət bilib.

“İordaniya ilə oyundan sonra Foqts mənimlə əlaqə saxladı. Ona bir futbolçunu sınamağı tövsiyə etmişdim. Bu, “Xəzər-Lənkəran”ın yox, başqa klubun üzvüdür. Heç əvvəllər də rəhbərliyim altımda oynamayıb. Foqts sınadıqdan sonra həmin futbolçudan razı qalıb. Mən təkcə öz komandamı yox, digər futbolçuları da düşünürəm. Hər halda, hamımız, klub çalışdırıcıları yığma üçün çalışmalıdır. Hansı futbolçu milli komandada oynamağa layiqdirsə, ona kömək edə bilərsə, onu tövsiyə etmək lazımdır” – deyə Mircavadov bildirib.

Təbii ki, həmin futbolçunun adı maraq doğurur. Ancaq Mircavadov bu məsələdə təvazökarlıq nümayiş etdirdi: “Ad çəkmək istəmirəm. Mən öz təklifimi etdim. Foqts da sözümü yerə salmadı və həmin futbolçuya görə mənə minnətdarlıq etdi”.

Mircavadovun adını gizli saxladığı futbolçunun Fərid Quliyev olması daha inandırıcı görünür. Hər halda, autsayder olan Sumqayıtın “Standard” klubunun 24 yaşlı hücumçusu milli komandamızın debütantıdır. Foqts ilk dəfə çağırdığı Fərid indiyə kimi Mircavadovun rəhbərliyi altında oynamasa da, onun maraq dairəsində olan futbolçudur.

Qeyd edək ki, Foqts “Xəzər-Lənkəran”dan qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Rahid Əmirquliyevi milli komandaya çağırır.