Qus Hiddink Türkiyə yığmasına hörmətsizlik etdi
02.03.2010 - 16:58
Qus Hiddink Türkiyə yığmasına hörmətsizlik etdi
Azərbaycan milli komandası ilə ardıcıl ikinci seçmə mərhələdə görüşəcək holland mütəxəssis Qus Hiddink türkiyəli jurnalistlərə qarşı hörmətsizlik edib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” komandanın baş məşqçisi postunda işləyəcək 63 yaşlı çalışdırıcı bu gün Macarıstanda xoşagəlməz olayın iştirakçısı olub.

Hələlik müqaviləyə əsasən bağlı olduğu Rusiya yığması ilə birgə Budapeştə gələn Hiddinki hava limanında türk həmkarlarımız qarşılayıb. Onlar yığmalarının yeni baş məşqçisindən Türkiyə Futbol Federasiyası (TFF) ilə bağladığı müqavilə, gələcək planları haqda öyrənmək istəsələr də, sualları cavabsız qalıb: “Mən indi Türkiyə yığması haqda danışmağa hazır deyiləm. Bütün fikirlərim komandamın sabahkı oyunu ilə bağlıdır” - deyə Hiddink bildirib. Bu azmış kimi, holland mütəxəssis jurnalistlərinin ona hədiyyə etdiyi Türkiyə yığmasının formasını almaqdan imtina edib.

Qeyd edək ki, Hiddink sabah Macarıstan yığması ilə yoldaşlıq görüşündən sonra Rusiya yığması ilə vidalaşacaq. Onun TFF ilə bağladığı müqavilə bu ilin avqustun 1-də qüvvəyə minəcək.
0