“Yüngülçəkili” Azərbaycan millisi
02.03.2010 - 17:53
“Yüngülçəkili” Azərbaycan millisi
Avropanın bir sıra nüfuzlu Kütləvi İnformasiya Vasitələri sabah keçiriləcək yoldaşlıq oyunları ərəfəsində rəqibləri dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “köhnə qitə” mətbuatı Lüksemburq yığmasının qonağı olacaq millimizin görüşünü də unutmayıb.

Azərbaycan milli komandasını “yüngülçəkili” adlandıran həmkarlarımız iki yığma arasında ciddi fərqin olmadığını düşünür: “Avropanın iki ənənəvi “yüngülçəkili”si Qərbi Avropanın ürəyində qarşılaşacaq. Dünya çempionatının seçmə mərhələsinə İsveçrə üzərində qələbə ilə başlayıb sonradan hesabına daha iki xal yazan Lüksemburq millisi ev oyununa özünəinam hissi ilə çıxacaq. Son tsikldə 5 xal toplamaqla, Moldovanı arxada qoyaraq sonuncu pillədən yaxa qurtaran komanda bu dəfə də uğur qazanmaq əzmində olacaq”.

Həmkarlarımız yığmamızı “cırtdan” ölkə təmsilçisindən heç də zəif saymır: “Azərbaycan yığması da son seçmə mərhələdə Lüksemburq kimi 5 xal toplamışdı. Lakin onlar bu matçlarda daha rəqabətə davamlı komanda təsiri bağışlayırdı. Ümumilikdə, hər iki komandanın kiçik iddiaları var. Elə bu da sabah gərgin oyunun keçəcəyindən xəbər verir”.

Qeyd edək ki, sabah keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0