Ruslan Abışov: Norveç klubunu Avropaya tramplin sayıram
03.03.2010 - 00:52
Ruslan Abışov: Norveç klubunu Avropaya tramplin sayıram
Azərbaycan milli komandasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Yığmamız Lüksemburqla oyuna necə hazırlaşıb?
- Növbəti yoldaşlıq görüşünə çox yaxşı hazırlaşmışıq. Mahir Şükürov, Maksim Medvedev də bizə qoşulub. Vaqif Cavadov istisna olmaqla, Lüksemburqla matça tam heyətlə hazırlaşırıq. Əsas məqsədimiz lüksemburqluları üstələyib, Vətənə qələbə ilə dönməkdir.

- Rəqibi necə dəyərləndirərdiniz? Lüksemburq yığması bizim “dişimizə” görədir?
- Son rəqibimiz olmuş İordaniya Lüksemburqdan güclüdür. Lüksemburqlular həm fiziki, həm də texniki cəhətdən İordaniya futbolçularından geri qalırlar. İnşallah, öz oyunumuzla qələbəyə layiq olduğumuzu sübuta yetirəcəyik.

- Sizcə, Lüksemburqun ən zəif nöqtələri hansılardır?
- Onların İsrail və Litva ilə matçlarının videoyazısına baxmışıq. Lüksemburq yığması müdafiədən oynayır. Bir o qədər güclü deyil, sürətli futbol nümayiş etdirə bilmir.

- Müdafiəçi olduğunuzu nəzərə alsaq, rəqibin heyətində elə bir futbolçu varmı ki, ondan çəkinəsiniz?
- Yox. Çünki Lüksemburq müdafiədə də, hücumda da komanda şəklində oynayır.

- Bir az da klub karyeranız haqda danışaq. Xarici komandaya transferlə bağlı nə yenilik var?
- Həqiqətən də mənə Rumıniya və Norveç klublarından təkliflər gəlib. Bu komandalar “Neftçi”yə faks da göndəriblər. Sadəcə, ortaya zədə problemi çıxmışdı, buna görə işlər yubandı. Hər şeyi zaman göstərəcək. Yəqin ki, yayda bu məsələyə tam aydınlıq gələcək.

- Sizi baxışa, yoxsa birbaşa müqavilə bağlamağa çağırırlar?
- Rumıniyanın “Styaua” klubu birbaşa müqavilə imzalamağa çağırırdı. Norveçin “Valerenqa” və “Brann” komandalarından gələn təklif barədə dəqiq nəsə deməyə çətinlik çəkirəm. Çünki həmin təkliflər yığmanın heyətində təlim-məşq toplanışına qoşulduqdan sonra gəlib. Bu məsələlərlə qardaşım, eyni zamanda menecerim olan Sərxan maraqlanır.

- Ümumiyyətlə, hansı klubda oynamaq istərdiniz? Norveç komandalarında forma geyinmək sizi qane edirmi?
- Buna pis baxmıram. Avropaya tramplin kimi Norveç çempionatı yaxşıdır. Axı, Avropada ən çox futbolçu alan ölkələrdən bir də Norveçdir. Hər halda, Norveç futbolun səviyyəsinə görə Azərbaycandan üstündür. Fikrimcə, bu, gələcəkdə daha güclü ölkələrin klublarına transfer olmaq baxımından yaxşı variantdır.
0