Milli komandamızın həsrətinə Şotlandiyada son qoyuldu
03.03.2010 - 01:36
Milli komandamızın həsrətinə Şotlandiyada son qoyuldu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) həsrətinə bu gün son qoyulub. Apasport.az saytının məlumatına görə, yığmamız uzun fasilədən sonra Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunda ilk xalını qazanıb. Bernard Lippertin yetirmələri səfərdə Şotlandiya yığması ilə “sülh” bağlayıb - 2:2.

Halbuki, futbolçularımız hesabda iki dəfə irəlidə olublar. 14-cü dəqiqədə hesabı Nizami Hacıyev açıb. Matçın 31-ci dəqiqəsində isə komandamız xoşagəlməz halla üzləşib. Müdafiəçi Tural Axundov qırmızı vərəqə alıb, qapımıza isə 11 metrlik cərimə zərbəsi təyin olunub. Penaltini dəqiq yerinə yetirən Makuayr tarazlığı bərpa edib.
10 nəfərlə qalmasına baxmayaraq, yığmamız ruhdan düşməyib və 65-ci dəqiqədə növbəti dəfə rəqib qapısına yol tapıb. İkinci qolun müəllifi Araz Abdullayev olub. Lakin bundan 1 dəqiqə sonra şotlandlar Qriffitsin qolu sayəsində yenidən hesabı bərabərləşdiriblər. Final fitinədək daha qapılara qol vurulmayıb.

Beləliklə, U-21 seçmə mərhələdə ardıcıl 5 məğlubiyyətdən sonra ilk xalını əldə edib. Komandamız 1 xalla əvvəlki kimi, sonuncu, 6-cı pillədə qərarlaşıb.
0