Kamran Ağayevin şikayəti: Artıq çəkim var, sala bilmirəm
03.03.2010 - 04:10
Kamran Ağayevin şikayəti: Artıq çəkim var, sala bilmirəm
“Mənim artıq çəkim var. Boyum 190 sm, çəkim isə 89 kq-dır. Ancaq normal halda çəkim 86 olmalıdır. 3 k artıq çəkiyə malik olsam da, bunu sala bilmirəm”. Bunu apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.

24 yaşlı qapıçı artıq çəkidən qurtula bilməməsinin səbəblərini də açıqlayıb: “Çəkimi salan kimi, bel nahiyəmdə, daha doğrusu onurğa sütunumun aşağı hissələrində ağrılar başlayır. Amma tədricən çəkimi salacağam. Yaxın 1-2 aydan sonra normal çəkidə olacağam”.

Kamranın fikrincə, bu problem onun Lüksemburqla görüşə hazırlaşmasına maneçilik törətməyib: “Lüksemburqla da oyuna ciddi hazırlaşmışam. Bizim bir məqsədimiz var: qələbə qazanmaq. Mənim üçün matçın harada keçirilməsinin fərqi yoxdur. Onsuz Lüksemburqda da qapının uzunluğu 7 metrdir, Azərbaycanda da. Azarkeş amili isə mənim gördüyüm işə təsir etmir. Çünki bütün diqqətimi meydançaya yönəldirəm”.
0