Milli komandamız Lüksemburqda da qələbə qazandı - YENİLƏNİB
04.03.2010 - 00:56
Milli komandamız Lüksemburqda da qələbə qazandı - YENİLƏNİB
Milli komandamız bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Lüksemburqun qonağı olub.

Komandamız FİFA-nın son reytinqində (109-cu pillə) 17 pillə qabaqladığı “cıtrdan ölkə”nin təmsilçisi ilə tarixində ilk dəfə görüşüb. Sadiq oxucularımız Lüksemburq – Azərbaycan oyununu saytımızdan onlayn izləmək imkanına malik olublar.

Apasport.az-ın Lüksemburqa ezam olunmuş xüsusi müxbiri oyun sonrası baş məşqçilərin, futbolçuların fikirləri, maraqlı olayları oxucularımızın diqqətinə çatdırıb.


Beynəlxalq yoldaşlıq görüşü

Lüksemburq – Azərbaycan - 1:2
Qollar: Fərid Quliyev, 28; Ştrasser, 34; Elvin Məmmədov, 37

Lüksemburq: Conatan Juber, Qay Bleys, Tom Şnell, Ceff Ştrasser, Rene Peters, Kim Kintziger (Massimo Martino, 65), Erik Hoffmann (Ben Payal, 68), Matias Yaniş, Mario Mutç, Jill Betmer (Daniel Da Mota, 54), Joel Kitenqe

Azərbaycan: Kamran Ağayev (Fərhad Vəliyev, 23), Rail Məlikov, Maksim Medvedev, Rəşad Sadıqov (k), Ruslan Abışov, Aleksandr Çertoqanov (Saşa Yunisoğlu, 46), Samir Abbasov, Mahir Şükürov, Elvin Məmmədov, Rauf Əliyev (Fabio Luis Ramim, 58), Fərid Quliyev

Sarı vərəqələr: Maksim Medvedev, 25; Aleksandr Çertoqanov, 33; Matias Yaniş, 42; Mahir Şükürov, 75; Payal, 77
Baş hakim: Kari Petteri (Finlandiya)
Hakim-köməkçiləri: Mikko Alakare, Conas Turunen (hər ikisi Finlandiya)
Ehtiyat hakim: Bruno Qomes (Lüksemburq)
3 mart. Lüksemburq şəhəri. “Joze Bartel” stadionu

***Milli komandamızı dəstəkləmək üçün stadiona qonşu ölkələrdə - Belçika, Hollandiya və Almaniyada yaşayan soydaşlarımız gəliblər.

***Ümumiyyətlə, Lüksemburqda Azərbaycanla oyuna maraq çox azdır. Matçın startına 20 dəqiqə qalmış tribunalarda təxminən 100 azarkeş var.

***“Joze Bartel” stadionunda norveçli menecerlərə də rast gəlmək mümkündür. Onlar Ruslan Abışov və Saşa Yunisoğlunun oyununu izləyəcəklər.

***AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov da yığmanın yanındadır.

Oyun başlandı.

2-ci dəq. İlk təhlükəli hücumu yığmamız təşkil etdi. Mahir Şükürovun qüvvətli zərbəsi qapıdan azca aralı keçdi.

10-cu dəq. Rauf Əliyev sol cinahdan cərimə meydançasına daxil olur. Onun ötürməsinə futbolçularımızdan heç kim çata bilmədi.

Oyun nisbətən yığmamızın ərazi üstünlüyü şəraitində keçir. Hücuma keçərkən, orta xətdə səhvlər buraxırıq. Bu baxımdan xüsusilə tez-tez top itirən Samir Abbasov diqqət mərkəzinə düşür.

21-ci dəq. Lazım olmayan məqamda topu tutmaq istəməyən Kamran Ağayev zədələnir.

Kamran oyunu davam etdirə bilmir. Onu Fərhad Vəliyev əvəzləyir.

Görünür, Ağayevin zədəsi çox ciddidir. 24 yaşlı qapıçımızı xərəkdə paltardəyişmə otağına apardılar. Yığmanın həkimi də dərhal ora yollandı.

26-cı dəq. Cərimə meydançamıza göndərilən topu Joel Kitenqe başla qapıya göndərsə də, Fərhad səhvsiz oynadı.

28-ci dəq. Fərid Quliyev müdafiəçinin səhvindən yararlanaraq, qapıçı ilə təkbətək çıxdı və milli komandamızda ilk qolunu vurdu.

33-cü dəq. Qapı dirəyi köməyimizə çatdı.

34-cü dəq. Ştrasser cərimə zərbəsindən hesabı bərabərləşdirdi. Bu epizodda qapıçı Fərhad Vəliyevin də səhvi var idi.

37-ci dəq. Elvin Məmmədov başla fərqləndi. Onun qapıçının başı üzərindən göndərdiyi top qarşısıalınmaz oldu.

Birinci hissəyə 3 dəqiqə əlavə olundu.

45+2-ci dəq. Bettmerin zərbəsi təhlükəli olsa da, qapının üstündən keçdi.

Birinci hissə başa çatdı.

İkinci hissə start götürdü.

Berti Foqts ikinci hissəyə dəyişikliklə başlayır. O, Aleksandr Çertoqanovun yerinə Saşa Yunisoğlunu meydana buraxır.

54-cü dəq. Lüksemburqun heyətində ilk dəyişiklik. Betmmer yerini Daniel Da Motaya verir.

Lüksemburqda hava çox soyuqdur. Buna görə də ehtiyat oyunçular skamyasında oturan futbolçularımız üstlərinə adyal atıblar.

64-cü dəq. Mutşun uzaq məsafədən birbaşa qapıya göndərdiyi topu Fərhad çətinliklə də olsa, tirin üzərindən aşırdı. Lüksemburqlular künc zərbəsi zamanı da qapımıza təhlükəli zərbələr vurdular.

72-ci dəq. Mahir Şükürovun qapı önünə qaldırdığı topu az qala Fabio qola çevirəcəkdi.

75-ci dəq. Mahir Şükürov lazım olmayan yerdə topu kənara vurdu və sarı vərəqə ilə cəzalandırıldı.

84-cü dəq. Rene Petersin yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli oldu. Müdafiəçilərimiz topu yan xətdən çıxarmağı bacardılar. Rəqibin ardıcıl 4 künc zərbəsi vurdu, amma futbolçularımız sayıqlığı itirmədilər.

Matçın əsas vaxtına da 3 dəqiqə əlavə edildi.

Oyun başa çatdı.
0