“Gəlin, görəcəyimiz işlərdən danışaq, keçmişdən yox” - MÜSAHİBƏ
04.03.2010 - 00:44
“Gəlin, görəcəyimiz işlərdən danışaq, keçmişdən yox” - MÜSAHİBƏ
Vaqif Sadıqovun istefasından sonra “Neftçi”də vakant qalmış baş məşqçi postu Arif Əsədova tapşırıldı. Bir vaxtlar klubun formasını geyinən, daha sonra əvəzedici komandanı çempion edən Əsədov yaydan əsas heyətdə məşqçi kimi çalışırdı. Sonradan klub rəhbərliyi onu komandanın “sükanı” arxasına gətirdi. Heyətdə baş verən dəyişiklik, eləcə də “İnter”lə oyuna hazırlıqla bağlı məlumat almaq üçün onunla söhbətləşdik.

- Çempionatda yaranmış fasilədən necə istifadə edirsiniz?
- Unibank Premyer Liqasının əsas mərhələsi başa çatdıqdan sonra futbolçuları qısamüddətli istirahətə buraxdıq. Fevralın 26-dan isə məşqlərimizi bərpa etdik. Gündə 2 dəfə olmaqla məşq keçirdik. Fevarlın sonunda ikitərəfli oyunda gücümüzü sınadıq. Təbii ki, yığmanın düşərgəsinə yollanan futbolçular hazırlıq prosesində iştirak etmirlər. Martın 1-dən isə gündəlik məşqlərin sayını birə endirdik. Bir həftəlik hazırlıq mərhələsini dünən “Qarabağ”la keçirdiyimiz yoldaşlıq oyunu ilə tamamladıq. Sabah (bu gün) bərpa məşqi keçəcəyik. Martın 5-dən isə sırf “İnter”lə oyunun hazırlığına başlayacağıq. “Qarabağ”la matçda əsas heyətdə nadir hallarda meydana çıxan oyunçulara şans verdik. Bununla da, “İnter”lə görüşdə xidmətindən yararlanacağımız futbolçuları müəyyənləşdirdik.

- Unibank Premyer Liqasının əsas mərhələsi çərçivəsində “İnter”lə iki dəfə qarşılaşmısınız. Bu oyunlardan birində qələbə qazanıb, digərində məğlub olmusunuz. Ancaq kubok oyunları fərqli atmosferdə keçir. Martın 7-da baş tutacaq oyundan nə gözləyirsiniz?
- Çempionat oyunundan fərqli, kubok görüşlərində nəticə iki qarşılaşmanın yekununda müəyyənləşir. Biz də elə edəcəyik ki, iki oyunun nəticəsinə görə qələbə qazanaq və yarımfinalda oynamaq hüququ əldə edək.

- Komandanın oyun sistemində nə kimi yeniliklər olacaq?
- Yenilik deyəndə, “Neftçi”nin adına layiq futbol oynamağa çalışacağıq. Məqsədə nail olmaq üçün məşq prosesini də bu istiqamətdə qurmuşuq.

- Klub rəhbərliyi komandanın qarşısına konkret hansı məqsədi qoyub?
- Bu gün “Neftçi”nin qarşısına mütləq çempion olmaq vəzifəsi qoyulmayıb. Amma bu komandanın adı, tarixi daim yüksək yerlər uğrunda mübarizə aparmağı zəruriləşdirir. Bu öz yerində. Əsas istəyimiz komandanın oyununda irəliyə doğru dəyişikliyin olmasına nail olmaqdır. Yəni komanda gözə xoş gəlimli, cəlbedici futbol nümayiş etdirməlidir. Təbii ki, baxımlı futbolla yanaşı, nəticə barədə də düşünəcəyik.

- Dediniz ki, komandanın qarşısına konkret məqsəd kimi çempionluq qoyulmayıb. Sizcə, bunu reallaşdırmağa “Neftçi”nin gücü çatmır, yoxsa başqa səbəblər var?
- Belə deməzdim. Komandanın potensialı var. “Qızıl xallar” baxımından birinci pillədə qərarlaşan “İnter”dən 6 xal geri qalırıq. Qarşıda 10 oyun var və 3 xallıq sistemdə bunu aradan qaldırmaq elə də çətin deyil. Ona görə də şansımızın olduğunu deməliyəm. Sadəcə, klubun prezidenti qarşımıza sırf çempion olmalıyıq deyə bir tələb qoymayıb. Əlbəttə, “Neftçi” daim qızıl medallar uğrunda mübarizə aparıb, cari mövsüm də istisna olmayacaq. Bunu kluba gələn hər bir məşqçi də gözəl bilir. Mən əvəzedicilərdə çalışanda komandanı çempion etdim. İndi də şansımız davam edir. Düzdür, əksəriyyət bizim üçün çempionluğun əlçatmaz olduğunu düşünür. Amma mən bununla razı deyiləm.

- “Altılıq”da ən güclü klublar qərarlaşıb. Bu mübarizədə komandanızın şansını necə dəyərləndirirsiniz?
- Bu mərhələnin gözəlliyi ondadır ki, eyni gücə malik komandalar yarışacaq. Yəni, istənilən oyunda hər bir komandanın xal itirmək ehtimalı var. Məncə, “altılıq”da 1-2 oyunda yaxşı çıxış etsək, hər şey qaydasına düşəcək.

- Siz mövsümün startından komanda ilə birgəsiniz. “Neftçi”nin qeyri-sabit çıxışının səbəbini nədə görürsünüz?
- Təbii ki, komandada baş verən məşqçi dəyişiklikləri də az rol oynamır. Məncə, əsas işimiz kollektivdəki ab-havanı düzəltməkdir. Yəni hamı çəkici bir nöqtəyə vurmalıdır. Sağlam mühit yaratmaq lazımdır. İlk işim buna nail olmaq olacaq.

- Deməli, indiyə qədər kollektivdə sağlam mühit yox idi?
- Elə deməyək. Sadəcə, daha da yüksək nəticə qazanmaq istəyiriksə, buna nail olmalıyıq. Yəni həm meydanda, həm də meydandan kənarda futbolçularla məşqçilər arasında münasibət daha da yaxşılaşdırılmalıdır.

- Son vaxtlar bu komanda nəticələri ilə deyil baş məşqçi dəyişiklikləri ilə diqqət mərkəzinə düşüb. Yəni mövsümə bir məşqçi ilə başlayır, finişə başqasının rəhbərliyi altında çatır...
- Keçmişlə bağlı suallara cavab vermək istəmirəm. İndi baş məşqçi postuna məni təyin ediblər. Gəlin, görəcəyimiz işlər barəsində danışaq.

- Əksəriyyət, bu təyinatı sizə verilmiş şans kimi dəyərləndirir. Bu fikirlə razısınızmı?
- Hər bir məşqçi komandaya müəyyən ümidlərlə dəvət olunur. Xeyli vaxtdır klubdayam və müqaviləm davam edir. Bundan əvvəl əvəzedici komandada baş məşqçi funksiyasını yerinə yetirmişəm. Yəqin klub rəhbərliyi məşqçilik karyeramı analiz edib və sonra bu qərarı verib. Ümumiyyətlə, hər bir insana şans vermək lazımdır.

- Maraqlıdır ki, rəhbərlik təcrübəli Şakir Qəribova deyil, baş məşqçi səlahiyyətlərini sizə verdi. Bu seçimi nəylə əlaqələndirirsiniz?
- Bu klub rəhbərliyinin qərarıdır. Artıq iki ildir “Neftçi”dəyəm. Komandanın ruhunu bilirəm. Həm əvəzedicilərdə, həm də əsas heyətdə çalışmışam. Yəqin klub prezidenti bunları nəzər alaraq, mənim təyinatımı təsdiqləyib.

- Əvəzedicilərdən söz düşmüşkən, həmin komandada kifayət qədər istedadlı və perspektivli uşaqlar olsa da, əsas heyətə cəlb edilmirlər. Niyə?
- Ötənilki heyətin üzvlərindən 7-8 nəfəri təcrübələrini artırmaq məqsədi ilə Premyer Liqa klublarına icarəyə verilib. Təbii ki, gələcəkdə onlar klubun özəyini təşkil edəcəklər. Üstəlik, aşağıyaşlı yığma komandaların əksər üzvü “Neftçi”nin yetirməsidir. Sadəcə olaraq, bu komandada bir yük var. Bu da məşqçiləri məcbur edir ki, daha yaxşı nəticələr qazansın. Ona görə də oyunçu seçimində məşqçilər daha təcrübəli futbolçulara şans verməklə nəticə qazanmağa çalışırlar.

- Ancaq siz də razılaşarsınız ki, artıq güclü komandalarda oynamaq iqtidarında olan həmin uşaqlara əsas komandada güvənilməməsi, onları ruhdan salır...
- Ola bilər. Çünki onların həmyaşıdları digər klublarda çıxış edərkən, bunlarda qısqanclıq yaranır. Halbuki yığmada bu oyunçu, digər klubun əsas komandasında oynayandan daha faydalı futbolçudur. Bir faktı qeyd edim ki, ikitərəfli oyun zamanı gənclərə də şans verdim. Aralarında 1993-cü il təvəllüdlü uşaqlar da var idi. Özlərini yaxşı tərəfdən göstərənlər oldu.

- Yəni siz əvəzedici komandanın üzvlərinə şans verəcəksiniz.
- Planımda var. Əlbəttə, bu proses mərhələ-mərhələ həyata keçiriləcək.

“Futbol dünyası” qəzeti
0