Berti Foqts: Mənimlə zarafat edirsiniz?
04.03.2010 - 02:41
Berti Foqts: Mənimlə zarafat edirsiniz?
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Lüksemburq üzərində qələbədən (2:1) sonra mətbuat konfransı keçirib. Apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, almaniyalı çalışdırıcı öncə matç barədə fikirlərini bildirib.

- Nəticədən razıyam. Bu münasibətlə komandamı təbrik edirəm. Oyundan isə tam razı qalmadım. Çox çalışmağımıza, əziyyət çəkməyimizə baxmayaraq, gözəl futbol nümayiş etdirə bilmədik. Bu görüş öz klublarında az oynayan futbolçular barədə qərara gəlməyim baxımından mənə kömək etdi. Mən onlarla mayda keçiriləcək təlim-məşq toplanışında ciddi söhbət edəcəyəm. İkinci hissədə Lüksemburq bizə böyük təzyiq göstərdi. Hər halda, öz oyunumuzu göstərməli idik.

- Konkret nədən narazı qaldınız? Bəlkə narazı qaldığınız oyunçuların adlarını açıqlayasınız. Belə etsəniz, jurnalistlərə də yardım göstərməli olacaqsınız.
- Siz mənimlə zarafat edirsiniz?

- Xeyr.
- Adlar açıqlayacağam. Mən konkret nədən narazı olduğumu yetirmələrimə deyəcəyəm. Xahiş edirəm, məni başa düşün. Matça gəlincə, top saxlamaq, qısa ötürmələr, sağ və sol cinahlar zəiflik var. Futbolun qəlizliyi elə sadə ötürmələrdədir.

- Bizdə olan məlumata görə, Elnur Allahverdiyevi nizam-intizamı pozduğuna görə bu gün ehtiyatda oturtmusunuz. Bu nə dərəcədə həqiqətəuyğundur?
- Bu məlumatı kimdən öyrəndiyinizi bilmirəm. Qarşılaşmadan öncə Elnurla söhbətim oldu. Onun mövqeyində Rail Məlikovu sınadım. Məlumata gəlincə, eşitmişəm ki, siz də çox mənfi məqalələr yazırsınız.

- Mayda ciddi söhbət edəcəyiniz oyunçular arasında Aleksandr Çertoqanov da olacaq?
- Futbolçuların hamısı ilə söhbət edəcəyəm. Onlar tələb etdiklərimi mənə vermirlər. Çertoqanov uzun müddət zədəli idi. Matç ərəfəsində cəmi 2 dəfə məşq etmişdi, tam hazır olmadığından, fasilədən sonra onu əvəzlədim.

- Oyunçularla necə ünsiyyət qurursunuz?
- Tərcüməçim vasitəsilə. İkinci Berti Foqts burada oturub. Görünür, bəzi epizodlarda futbolçular ona da qulaq asmayıblar.

- Bəs Lüksemburq yığması barədə nə deyə bilərsiniz?
- Rəqib sürətli oynayırdı. Top bizə keçən kimi, təzyiq göstərirdilər. Gözləməzdim ki, lüksemburqlular belə yaxşı oynayacaqlar.
0