Antalyada Azərbaycan ruzigarı
04.03.2010 - 10:37
Antalyada Azərbaycan ruzigarı
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Qazaxıstan yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bernd Ştorkun yetirmələri Moldova ilə qarşılaşıb.

Bu görüş Azərbaycan futbolunun da tarixinə düşüb. Belə ki, Unibank Premyer Liqasının tarixində ilk dəfə çempionatımızda oynayan 4 futbolçu eyni yığmanın start heyətində meydana çıxıb. Məhz onların da əməyi sayəsində moldovalılar 1:0 hesabı ilə qalib gəliblər. Qazaxıstanla oyuna çağırılan Vadim Borets, Aleksey Savinov (hər ikisi “Bakı”), Aleksandr Qolban (“Simurq”), Anatoli Doroş (“Olimpik-Şüvəlan”) “dördlüy”ünün hamısı start heyətində yer alıb. Rumıniyalı mütəxəssis Qabi Balint bu futbolçulardan yalnız birini – Savinovu sonadək meydanda saxlayıb. Digərlərindən Qolban 45, Borets 89, Doroş 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Moldova yığmasının Premyer Liqada çıxış edən daha iki oyunçusu - “Xəzər-Lənkəran”ın hücumçusu Denis Kalinkov və “Olimpik-Şüvəlan”ın müdafiəçisi Sergey Laşenkov zədə üzündən millidən kənarda qalıb.
0