Ruslan Poladov: Qardaşıma qalib gəlsəm, çox sevinəcəyəm
04.05.2010 - 17:12
Ruslan Poladov: Qardaşıma qalib gəlsəm, çox sevinəcəyəm
“1:1 kubok oyununda təhlükəli hesabdır. Rəqibimiz “Olimpik-Şüvəlan” ikinci “altılıq”da oynamasına baxmayaraq, yarımfinalçıdır və bu mərhələyə elə-belə gəlməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Ruslan Poladov deyib.

Azərbaycan kuboku uğrunda “Olimpik-Şüvəlan”la cavab yarımfinal görüşünü sabah öz meydanında keçirəcək cənub təmsilçisi səfərdə sərfəli nəticəyə nail olub. Poladov cütün favoriti olmaları ilə razılaşsa da, arxayınçılığa əsas görmür: “Əlbəttə, finala çıxmaq şansımız yüksəkdir və buna nail olmağı çox istəyirik. Ancaq səfərdəki nəticəyə, evdə oynadığımıza, favorit olduğumuza görə qətiyyən arxayınlaşmırıq. Fikrimcə, hər iki komanda üçün sabahkı oyun çətin olacaq. Biz yalnız çempionatı fikirləşməyib, kuboka da gücümüzü qoyacağıq. Axı, biz hər iki turnirin qalibi olmağa iddialıyıq. İstərdim ki, yenə “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan kubokunu qazanım”.

“Olimpik-Şüvəlan”la görüş Poladov üçün prinsipial əhəmiyyət daşıyacaq. Hər halda, 31 yaşlı müdafiəçinin əkiz qardaşı Elşən Poladov rəqib düşərgədədir. Düzdür, Elşən son görüşlərdə ehtiyatda qalır və qapıda yerini həmyaşıdı Cahangir Həsənzadəyə verib. Bununla belə, Ruslan qardaşı ilə meydanda görüşməyi çox arzulayır: “Qardaş olmağımızın fərqi yoxdur. Ayrı-ayrı komandalarda oynayırıqsa, deməli, rəqibik. Hər birimiz öz komandasının uğuru üçün çalışır. Bu dəfə oyundan öncə Elşənlə söhbətləşməmişəm. Ümumiyyətlə, belə görüşlərdən öncə qardaşlar arasında kimin qalib olacağı ilə bağlı mərclər olur. Elşənlə elə indiki komandalarımızla meydanda bir neçə dəfə görüşmüşük. Onun sabahkı oyunda qapıda durub-durmayacağına baş məşqçisi qərar verəcək. Qardaşıma qol vurmaq, ona qalib gəlmək istərdim. Bu, mənim üçün üzücü yox, sevindirici olacaq”.