Azərbaycanlı futbolçu Rusiyanın ən yaxşı transferi seçildi!
05.05.2010 - 10:00
Azərbaycanlı futbolçu Rusiyanın ən yaxşı transferi seçildi!
Rusiya Premyer Liqasının ən yaxşı transferlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, rus həmkarlarımız qışda transfer olunan futbolçuların mövsümün startındakı çıxışlarına əsasən, ən yaxşı 12 keçidi müəyyənləşdirib. Azərbaycan milli komandasının şimala transfer olunan yeganə üzvü Mahir Şükürov ən faydalı tapıntılar sırasından kənar qalıb. “Anji” klubunun yarımmüdafiəçisindən fərqli, iki soydaşımız “12-lik” də qərarlaşıb.

Mövsümlərarası fasilədə Moskvanın “Lokomotiv” klubuna keçən soydaşımız Aleksandr Əliyev Premyer Liqanın ən yaxşı transferi sayılıb. Ukrayna vətəndaşı olan futbolçu ən yaxın izləyiciləri – ilk “üçlük”də qərarlaşan Keysuke Xonda və Aleksandr Kerjakovu qabaqlayıb. Kiyev “Dinamo”sundan transfer olunan Aleksandrın adaşı – digər soydaşımız Səmədov da ən yaxşılar arasındadır. “Moskva”dan “Dinamo”ya keçən cinah oyunçusu ümumi sıralamada 8-ci olub. Rus həmkarlarımız onun iki vətəndaşlıq daşımasına da toxunub: “O, iki ölkənin – Rusiya və Azərbaycanın vətəndaşlığını daşıyır. Hələ gənc olarkən Azərbaycanı təmsil etməkdən imtina edib. Ona görə də Rusiya Səmədovun oynaya biləcəyi yeganə ölkədir”.

Qeyd edək ki, ən yaxşı 12 transfer siyahısında tanınmış türkiyəli futbolçu Fatih Təkkə də yer alıb. “Zenit”dən “Rubin”ə keçən legioner 11-ci pilləyə layiq görülüb.