“İstəyirəm ki, “Neftçi” Azərbaycanın “Barselona”sına çevrilsin”
05.05.2010 - 11:24
“İstəyirəm ki, “Neftçi” Azərbaycanın “Barselona”sına çevrilsin”
“Komandamızda əla atmosfer hökm sürür. Mənə elə gəlir ki, atmosfer yaxşıdırsa, nəticə öz-özünə gəlməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun futbolçusu Leonard Naydin deyib.

Rumıniyalı yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında Unibank Premyer Liqasının XXXI turunda mayın 9-da səfərdə “Qəbələ” ilə görüşə yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Ötən ay evdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzduğumuz oyunu yaxşı xatırlayıram. Hamı düşünürdü ki, 2-3 uğurlu oyun keçirəndən sonra qələbə qazansaq, çempionluğa oynayacağıq. Ancaq çox zəif təsir bağışladıq. Rəqib cəmi bir cərimə zərbəsi yerinə yetirdi və bir əks-hücum qurub, qalib gəldi. Həmişə olduğu kimi, 3 xal əldə etmək niyyətindəyik. Əvvəlki oyunlarla müqayisədə, indi qələbəyə daha çox ehtiyacımız var. Qalan hər iki oyunda maksimum xal toplamalıyıq. “Qəbələ”ni məğlub etsək, Avroliqaya vəsiqəni 70-80 faiz təmin edəcəyik”.

“Neftçi”nin ölkə xaricində tanınması haqda da fikirlərini söyləyən Leonardın sözlərinə görə, rumıniyalı futbol azarkeşləri flaqmanı çox yaxşı tanıyırlar: “Neftçi” Azərbaycanın ən məşhur, tanınmış, köklü klubudur. Vətənimdə “Neftçi”ni Azərbaycanın Madrid “Real”ı sayırlar. Lakin istəyirəm ki, “Neftçi” Azərbaycanın “Barselona”sına çevrilsin. Çünki “Barselona”nın azarkeşiyəm. Təbii ki, “Barselona” “Real”dan güclüdür”.